Azərbaycanda tarixi əsərlərə nəzarət komissiyasının yaradılması ilə bağlı ölkə rəhbərliyinə müraciət ediləcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycanda tarixi əsərlərə nəzarət komissiyasının yaradılması ilə bağlı ölkə rəhbərliyinə müraciət edəcək.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib: “Azərbaycanda hər kəs tarixdən yaza bilər və bununla bağlı heç kəsə qadağa qoyula bilməz. Lakin bütün tarixi əsərlər Tarix İnstitutunun ekspertizasından keçməlidir. Heç kim ağlına gələn şəkildə tarix yazmamalıdır. Belə olduğu təqdirdə tariximizi dünyaya yanlış çatdırırıq. Tarix İnstitutu hər zaman yoxlanılmış, Azərbaycan tarixini doğru-düzgün əks etdirən əsərlərə yaşıl işıq yandırmağa hazırdır. Buna görə də hazırladığımız müraciət yaxınlarda ölkə rəhbərliyinə göndəriləcək. Yəqin ki, bununla bağlı zəruri tədbirlər görüləcək. Çünki ölkə başçısı Tarix İnstitutunun fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayır. Onun tapşırıq, tövsiyə və çağırışları ilə tarixi əsərlər yazırıq”.
Apa.az