Azərbaycanda radioaktiv çirklənməyə məruz qalmış böyük ərazinin reabilitasiyası yekunlaşıb
Keçmiş Neftçala Yod-Brom zavodunun radioaktiv çirklənməyə məruz qalmış ərazisinin reabilitasiyası başa çatıb.
Trend-in məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə deyib ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində ekoloji problemlərin həlli ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət proqramı olub.
Onun sözlərinə görə, Sovet İttifaqından qalan çirklənmiş və insan həyatı üçün təhlükə mənbəyi olan yod zavodlarının ərazilərinin ekoloji reabilitasiyası bu proqram çərçivəsində həyata keçirilib.
Məlumata görə, layihənin məqsədi keçmiş Neftçala Yod-Brom zavodunun ərazisində 18,9 hektarlıq sahənin təsərrüfatda məhdudiyyətsiz istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tam reabilitasiyasından ibarət olub.
F.Tağızadənin sözlərinə görə, bərpa işləri FHN-in rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilib.
Qeyd edək ki, keçmiş Neftçala Yod-Brom zavodu ərazisinin reabilitasiyası işlərinə 16 sentyabr 2013-cü il tarixindən başlanılıb və 2014-cü il avqustun 10-dək davam edib. Bu müddət ərzində zavodun ərazisindən zərərli tullantılarla birlikdə 262,9 min ton çirklənmiş və deqradasiyaya uğramış torpaq Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən zərərli tullantıların basdırılması və saxlanması məntəqəsinə daşınıb.
Aparılmış işlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tövsiyələrinə tam uyğun şəkildə həyata keçirilib. Təmizlənmiş sahənin təmiz torpaqla təkrar doldurulması və hamarlanması üçün layihə ərazisinə 131,8 min ton təmiz torpaq daşınıb. Bundan əlavə, zavodun təmizlənmiş sahəsinə layihə ərazisinin cənubunda yerləşən süni göldən çirkləndirici maddələrin qarışmasının qarşısını almaq məqsədilə sahilboyu zolağın uzunu boyu (590 m) tökmə damba tikilib. Ümumiyyətlə, dambanın tikilməsi və ərazidə olan gölməçələrin qurudulması üçün layihə ərazisinə 286,2 min ton karbonat və blok daşınıb.
Rekultivasiya dövründə nəzərdə tutulan bütün müvafiq ölçmələr radioloji nəzarəti həyata keçirmək üçün dünya praktikasında istifadə edilən ən müasir cihazlarla həyata keçirilib. Burada hər bir işçi üçün fərdi mühafizə vasitələrindən istifadə olunub.
F.Tağızadə həmin ərazidə park salınacağını deyib.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov isə çıxışında deyib ki, Neftçala Yod-Brom zavodu Kür çayından 11 km, Xəzər dənizindən 3 km uzaqlıqda yerləşir.
BAEA eksperti Horst Riçard Sebastian Monken Fernandes görülən işlərin qiymətləndirilməsi üçün BAEA ekspertlərinin dəvət edilməsini yüksək dəyərləndirib. Onun sözlərinə görə, məlumatların təqdim edilməsi şəffaf olduğu üçün qiymətləndirməni obyektiv aparmaq imkanı olub. BAEA eksperti Neftçala Yod-Brom zavodunun radioaktiv çirklənməyə məruz qalmış ərazisinin reabilitasiyası işlərinin peşəkar formada həyata keçirildiyini vurğulayıb.
Trend.az