Azərbaycanda “QHT-lər tərəfindən keçirilən mədəni tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müəyyən edildi

Posted by

Azərbaycanda "QHT-lər tərəfindən keçirilən mədəni tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müəyyən edildiAzərbaycanda “QHT-lər tərəfindən keçirilən mədəni tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müəyyən edildi

Azərbaycanda "QHT-lər tərəfindən keçirilən mədəni tədbirlərin dövlət maliyyələşdirilməsi qaydası müəyyən edildi

Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.

Trend Kabinetin rəsmi saytına istinadən məlumat verir ki, bu Qayda “Mədəniyyət haqqında” qanunun 45.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən mədəniyyət sahəsində qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

QHT-nin mədəniyyət sahəsində layihələri qanunun 21-ci maddəsində göstərilən təşkilati tədbirlər vasitəsilə həyata keçirilir. Dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən həyata keçirilən mədəniyyət tədbirləri qanunun 4-cü maddəsi ilə müəyyən edilən mədəniyyət sahəsində dövlət siyasətinin prinsiplərinə uyğun olmalıdır. Dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.

Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək nazirlik tərəfindən tədbirlər müəyyən edilir. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 iş günü müddətində nazirliyin rəsmi elektron saytında dərc edilir.

Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini nazirliyə təqdim edirlər.

QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək bu Qaydanın 2.2.1-2.2.6-cı yarımbəndlərində göstərilən müvafiq sənədlərlə birgə nazirliyə təqdim edilir.

QHT-lərin təklifləri ərizələrin qəbulu müddəti başa çatandan sonra 15 gün müddətində qiymətləndirilir. Qiymətləndirmə aparılarkən QHT-lərin bu sahədə təcrübəsi, təqdim edilən layihənin ictimai əhəmiyyəti, təkrarolunmazlığı, müvafiq mədəniyyət sahəsinin inkişafının təmin edilməsi, cəmiyyətin həssas üzvlərinin (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) həmin tədbirdə iştirakı meyarları əsas götürülür, habelə onun maliyyə tutumu nəzərə alınır.

Növbəti ildə QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi barədə nazirliyin təklifi cari il iyulun 1-dək Azərbaycan Maliyyə Nazirliyinə göndərilir.

QHT-lər tərəfindən mədəniyyət sahəsində keçiriləcək tədbirlərlə bağlı xərclər hər il dövlət büdcəsində nazirliyin mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir. QHT-lər tərəfindən mədəniyyət sahəsində tədbirlərin keçirilməsi üçün ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

QHT-nin mədəniyyət sahəsində keçirdiyi tədbirlər, o cümlədən ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi barədə müsabiqə şərtlərində müəyyən edilmiş forma və qaydada nazirliyə hesabat təqdim edilir.

QHT-lər tərəfindən mədəniyyət sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər baş tutmadıqda və ya onların keçirilməsi üçün ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadıqda və ya ayrılmış vəsaitə qənaət edildikdə, bu vəsait təxirə salınmadan nazirliyə qaytarılır.

 

Trend/az