Azərbaycanda QHT-lər haqqında qanunun tətbiqində ortaya çıxacaq mümkün problemləri həll etmək üçün komissiya yaradılıb

Posted by

Azərbaycanda QHT-lər haqqında qanunun tətbiqində ortaya çıxacaq mümkün problemləri həll etmək üçün komissiya yaradılıb

 

Azərbaycanda QHT-lər haqqında qanunun tətbiqində ortaya çıxacaq mümkün problemləri həll etmək üçün komissiya yaradılıb

Azərbaycanda QHT-lər haqqında qanunun tətbiqində ortaya çıxacaq mümkün problemləri həll etmək üçün komissiya yaradılıb

 

Milli Məclisin 17 dekabr 2013-cü ildə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara etdiyi əlavə və dəyişikliklər bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilən görüşdə Milli Məclis, Ədliyyə Nazirliyi, beynəlxalq təşkilatlar və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda adıçəkilən qanunlara edilən əlavə və dəyişiklikləri hazırlamış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Avropa Komissiyasının Bakı ofisinin nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin əsas layihə tərəfdaşı olan Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin təmsilçisi və QHT-lər iştirak edib.

Toplantını açan Şura sədri Azay Quliyev bugünkü görüşün məqsədinin QHT fəaliyyətini tənzimləyən qanunlara edilən son əlavə və dəyişikliklərlə bağlı müzakirələr keçirmək, vətəndaş cəmiyyəti təmsilçilərinin bilavasitə bu sənədləri hazırlamış şəxslərlə dialoqunu təşkil etmək olduğunu bildirib.

Milli Məclisin komitə sədri Ə.Hüseynli Azərbaycan Respublikasında demokratikləşdirmə siyasətinin dönməz xarakter aldığını və zaman keçdikcə qanunvericiliyin təkmilləşməsinə ehtiyac duyulduğunu söyləyib. Komitə sədri bildirib ki, ilkin layihədə QHT-lərin dövlət reyestrindən çıxarışının etibarlılıq müddətinin 90 gün müəyyənləşdirilməsi ilə bağlı müddəa olsa da, müzakirələrdən sonra həmin müddəa çıxarılıb: “Parlamentdə 2013-cü il dekabrın 17-də qəbul edilən və prezidentə imzalanmaq üçün təqdim edilən son variantda bu müddəa yer almayıb”.

Ə.Hüseynli adıçəkilən qanunlara edilən son əlavə və dəyişikliklərin yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına, QHT-lərin inkişafına müsbət impulslar verməyə xidmət etdiyini qeyd edərək, bütün maraqlı tərəflərin mövqeyini dinləməyə hazır olduğunu bildirib. Millət vəkili bəzi QHT-lərin onların fəaliyyəti üçün yeni müsbət imkanlar açan dəyişikliklərə verdiyi reaksiyadan təəccübləndiyini də vurğulayıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, Hüquq və İnkişaf Mərkəzinin sədri Hafiz Həsənli, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzinin baş məsləhətçisi Məhəmməd Quluzadə, “Konstitusiya Araşdırmaları” Fondunun sədri Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Bakı Hüquq Mərkəzinin direktoru Anar Bağırov, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli və digərləri çıxış edərək qanuna edilən əlavə və dəyişikliklərin ayrı-ayrı müddəaları ilə bağlı narahatlıqlarını bildiriblər.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi R.Rəhimov QHT nümayəndələrinin səsləndirdiyi fikirlərə ayrı-ayrılıqda münasibət bildirərək hökumətin QHT-nin qeydiyyatını ləğv etmək, yaxud fəaliyyətini məhdudlaşdırmaq kimi bir niyyəti olmadığını açıqlayıb. R.Rəhimov 2013-cü ildə hüquq pozuntusuna yol verən 14 QHT-dən yalnız birinin cərimələndiyini qeyd edib. İdarə rəisi həmçinin bildirib ki, QHT-lərə elektron xidmətin təşkili, QHT qeydiyyatında “bir pəncərə” sisteminin tətbiqi, QHT-lərin “virtual kabineti”nin maksimim səmərəli şəkildə qurulması və dövlət qeydiyyatının daha da sadələşdirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən aparılan iş yekunlaşmaq üzrədir.

Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələrdə qanunvericiliyə edilən son dəyişikliklər haqqında ümumi razılığa gəlinib, bu əlavə və dəyişikliklərin QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilikdəki boşluqların aradan qaldırılmasına xidmət edəcəyi qeyd olunub.

Yekunda qərara alınıb ki, qanunun praktik tətbiqində ortaya çıxacaq mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın.

Tərəflər keçirilən dialoqun çox səmərəli və əhəmiyyətli olduğunu qeyd edərək, Şuranın bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildiriblər.

 

Trend.az