Azərbaycanda qəbristanlıqlarda başdaşı qadağası

Posted by

Azərbaycanda qəbristanlıqlarda başdaşı qadağası

“Bəzi insanlar ölməmişdən qabaq qəbiristanlıqda bütün yaxınları üçün qəbir yerlərini pulla alırlar”.

Azərbaycanda qəbristanlıqlarda başdaşı qadağası

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda nümunəvi qəbiristanlıq yaratmaq barədə qərar qəbul edib.

 

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl dəfn mərasimlərinin təşkili, qəbirlərin sıralanması, vəfat edən şəxsin kimliyini və yerini müəyyən edən qəbir daşlarının İslam dininə uyğun olaraq hazırlanmasına dair QMİ-də məsələ müzakirə edilib.

 

Qərara alınıb ki, Bakıda nümunəvi qəbiristanlıq yaradılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında boş torpaq sahəsinin ayrılması məsələsi qaldırılsın. Artıq Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı hələlik İcra Hakimiyyətindən heç bir cavab verilməyib:

 

“Hələlik heç bir cavab verilməyib. Amma ümid edirik ki, İH tərəfindən şeyxin müraciətinə müsbət cavab veriləcək və nəzərdə tutulan nümunəvi qəbiristanlıq tez bir zamanda yaradılacaq”.

 

Hacı Mirəziz Seyidzadə ölülərin yuyulması, dəf edilməsi ilə bağlı problemləri də sadalayıb:

 

“QMİ yalnız ölülərin yuyulub kəfənlənməsi, namazın qılınması məsələsini üzərinə götürür və müəyyən qədər ölü yiyəsindən bununla bağlı nəzərdə tutulan məvacib alınır. Bu məbləğ sadəcə bu işdə əziyyəti keçən insanlara verilir. Vəfat edən şəxsin qəbir yerinin müəyyənləşdirilməsi və dəfn edilməsi məsələsinin QMİ-yə aidiyyatı yoxdur. Hazırda qəbiristanlıqda yerlərin bölüşdürülməsi məsələsinə xüsusi qurumlar nəzarət edir. Bu gün qəbir yerlərinin satılması məsələsi böyük problemə çevrilib və bu, paytaxtda daha ciddi məsələdir.

 

Paytaxtda müəyyən şəxslər tərəfindən qəbir yerləri 300-500 və bəzən min manatdan yuxarı qiymətə satılır. Ölü yiyəsi bəzən bu məvacibi tapa bilmədikdə QMİ-yə müraciət edir. Bu, İslam dininə zərbədir və yolverilməzdir. Qəbir yerlərinin satılmasını ruhanilərin üzərinə atmaq lazım deyil. Bu işi xüsusi təşkilatlar həyata keçirir və bunu özlərinin qazanc mənbəyinə çeviriblər”.

 

QMİ rəsmisi qeyd edib ki, İslam aləmində hər insana onun yaşadığı ərazidə bir qəbir yeri çatmalıdır:

 

“Təəssüflər olsun ki, bəzi insanlar ölməmişdən qabaq qəbiristanlıqda bütün yaxınları üçün qəbir yerlərini pulla alırlar. Bəzən də sözügedən yerləri hasarlayırlar. Bəs yazıq kasıb nə etməlidir? Bu sahədə vəziyyət çox acınacaqlıdır”.

 

Hacı Mirəziz deyib ki, QMİ-də bu problemin həlli üçün nümunəvi qəbiristanlıq yaradılması məsələsi qaldırılıb. O əlavə edib ki, bu qəbiristanlıq yaradıldıqdan sonra vəfat edən şəxslər İslam dininə uyğun olaraq dəfn olunacaqlar:

 

“İlk öncə kimsə kiminsə qohumudur və mütləq onun yanında dəfn olunmalıdır məsələsi olmayacaq. Dünyasını dəyişən şəxs sözügedən qəbiristanlıqda cərgəyə uyğun olaraq torpağa tapşırılacaq. Bununla yanaşı, dəbdəbəli qəbir daşlarından istifadəyə icazə verilməyəcək. Yalnız vəfat edən şəxsin adı və soyadı başdaşıda qeyd olunmaqla kifayətlənəcək.

 

Hacı bu cür nümunəvi qəbiristanlıq mövcud olduqdan sonra tədricən digər yerlərdə belə qəbiristanlıqların yaradılacağına əminliyini bildirib

oxu.az