Azərbaycanda qarlı hava şəraitinin müşahidə edilməsi daha çox şimal bölgəsindəki ağacların məhsuldarlığına təsir göstərəcək
Martın 30-da ölkə ərazisində qarlı, soyuq hava şəraitinin müşahidə edilməsi daha çox şimal bölgəsindəki ağacların məhsuldarlığına mənfi təsir göstərəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev Trend-ə deyib ki, hava şəraitinin kəskin dəyişməsi şimal bölgəsinin, xüsusilə Quba-Qusar rayonları və Xacmaz rayonunun nisbətən yuxarı hissələrində, eləcə də İsmayıllı-Şamaxı bölgəsində çəyirdəkli meyvələrin ağaclarının məhsuldarlığına mənfi təsir edəcək. Soyuq hava şəraitinin Aran bölgəsində və Abşeron yarımadasındakı ağaclara təsiri olmayıb.
Baş aqronomun sözlərinə görə, qarlı hava şəraitinin müşahidə edilməsi bütün bölgələrdə ağacların məhsuldarlığına eyni cür təsir göstərməyəcək. Çünki yalnız qarın yağması ağacların məhsuldarlığına təsir edə bilməz. Ancaq əgər hava şaxtalı olubsa, temperatur 0 dərəcədən aşağı enibsə və temperaturun mənfi olması uzun müddət davam edərsə, bu, ağacların, xüsusilə çəyirdəkli meyvələrin məhsuldarlığına mənfi təsir edəcək.
A.Mehrəliyev deyib ki, hazırda çiçəklənən ağaclar əsasən çəyirdəkli meyvələrin – şaftalı, ərik, gilas, albalı, gilanar, badam ağaclarıdır. Buna görə də həmin ağacların çiçək açdığı ərazilərdə şaxtalı hava şəraitinin bir sutka davam etməsi onların məhsuldarlığına təsir edəcək: “Amma bunun digər bitkilərə elə bir təsiri olmayacaq. Çünki soyuq hava şəraiti yalnız çiçəklərə təsir edə bilər, yarpaqlara və cavan zoğlara təsir etmir”.
A.Mehrəliyev bildirib ki, ağacların hava şəraitinin təsirindən ziyan çəkəcəyini söyləmək olsa da, bu zərərin miqdarını indidən demək olmaz.
Ötən illərdə də yaz aylarında şaxtalı hava şəraitinin ağaclara təsir etdiyini xatırladan baş aqronom əlavə edib ki, 2004-2005-ci illərdə də şaxtalı hava şəraiti çiçək açmış ağaclara mənfi təsir göstərib. Həmin illərdə şaxta Şəki-Zaqatala bölgəsində qoz ağaclarının məhsuldarlığına mənfi təsir etmişdi, yeni əmələ gəlmiş cavan zoğların hamısını şaxta vurmuşdu. 2008-ci ildə isə Quba-Xacmaz bölgəsində yaz şaxtaları yeni çiçəklənən ağacların məhsuldarlığını azaltmışdı. Ötən il də həmin bölgələrdə çəyirdəkli meyvə bitkiləri çox az olmuşdu.
Qeyd edək ki, martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi rayonlarda intensiv olub. Martın 30-da havanın temperaturu iqlim normasından 6 dərəcə aşağı olub.
Trend.az