Azərbaycanda oksigen catışmazlığı ilə doğulan uşaqlarda yaranan zərərli vərdişlər
Azərbaycanda oksigen catışmazlığının (hipoksiya) yaratdığı fəsadlarla dünyaya gələn uşaqların göstərici faizi az deyil. Belə nöqsanlı uşaqlarda isə çox asanlıqla nəyəsə, məsələn, internetə, narkomaniyaya, alkoqolizmə, siqaret çəkməyə meyil yarana bilər. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev deyib.
İnkişafın normal getməsinə mane olan bir çox amillərdən birinin də hipoksiya faktoru olduğunu qeyd edən A.Qazıyev bildirib ki, belə nöqsanlı uşaqlarda yaşamaq qabiliyyətinin proqramında pozuntular olduğundan onlar çox asanlıqla insani keyfiyyətlərini unuda bilirlər. Ona görə də hamilə qadınları müasir texnologiyaların təsirindən yayındırmaq lazımdır.
İnstitut direktoru bildirib ki, elektromaqnit dalğaları hamilə qadına təsir etdikdə orqanizmdə hipoksiya əmələ gəlir: “Əvvəllər insanlarda hərəkət aktivliyi olurdu. Bu, bir çox şeyləri nizamlayardı. Qan durğunluğu inkişaf etməkdə olan prosesin energetik təminatını pozur. Bu zaman əmələ gələn nöqsanlar müxtəlif olur”.
A.Qazıyev deyib ki, hazırkı dövrdə təbii qlobal iqlim dəyişikliklərinin intensivləşməsi və birbaşa insan fəaliyyəti ilə bağlı texnogen amillər yer üzərində yaşayan canlıların, o cümlədən insanların sağlamlıq göstəricilərinə, yaşamaq və nəsil vermək qabiliyyətinə arzuolunmaz təsir effektlərini artırıb. Bu baxımdan diqqəti cəlb edən amillərdən biri orqanizmin oksigenlə təmin olunma mexanizmində yarana biləcək nöqsanlardır. Sənayenin inkişafı nəticəsində atmosfer havasında karbon qazının böyük həcmdə toplanması, qlobal istiləşmə, oturaq həyat tərzi və müxtəlif streslər oksigen mübadiləsində çatışmazlıqlara səbəb olur, orqanizmin fəaliyyətinin intensivliyi lazımi səviyyədə nizamlanmır: “Bütün bunlar insanların laqeydliyinin nəticəsi deyil. Bunlar insanın yaşadığı bugünkü mühitin, inkişafın təsir effektləridir. Heç kim qlobal elektromaqnit dalğalarının yer üzünə düşməsinin qarşısını ala bilməz. Atmosferdə oksigenin mübadilə qatılığının dəyişməsinin, canlılara pis təsirinin qarşısını almaq mümkün deyil. Düzdür, bunu yüngülləşdirmək yolları var – ağac əkmək, havanı çox çirkləndirən zavodları bağlamaq və s.. Ancaq bu, profilaktik işlərdir. Bu, son nəticədə problemi aradan qaldırmır. Buna görə də insanın bu proseslərə uyğunlaşmasının yollarını öyrənmək lazımdır”.
A.Qazıyevin sözlərinə görə, bir sıra müəlliflər tərəfindən əldə edilmiş mühüm eksperimental-kliniki nəticələr əsasında sübut olunub ki, hamiləlik dövründə hipokineziya hamiləliyin gedişinə və nəticəsinə mənfı təsir göstərməklə, patoloji halların yaranmasına gətirib çıxara bilər. Azərbaycan alimləri müasir inkişafın, texnologiyaların tətbiqinin ana-döl münasibətlərinə təsirini araşdırarkən isə məlum olub ki, hipoksiya orqanizmin normal inkişafına kəskin təsir göstərməklə ananın fizioloji funksiyasında ciddi dəyişiklər yaradır. “Ana-döl” münasibətlərinin lazımi səviyyədə tənzimlənməsi mexanizmləri birbaşa oksigen təminatı və onun əsas məntiqi kimi enerji mübadiləsi ilə bağlıdır. Bu prosesin pozulması müxtəlif hadisələrlə, xüsusilə balanın düşməsi (ananın bətnində balanın saxlanmaması), mayalanmanın getməməsi, orqanogenez dövründə embrionun inkişafında bir çox pataloji halların təzahürü ilə nəticələnir.
A.Qazıyevin dediyinə görə, institutun əməkdaşlarının embrional inkişafın müxtəlif dövrlərində kəskin hipoksiyaya məruz qalmış heyvanlarla bağlı apardığı tədqiqatlardan aydın olub ki, hipoksiya baş beyində qlikoliz prosesini dəyişir – rüşeym dövründə baş beyin kontrola nisbətən daha çox, orqanogenez dövründə isə əksinə aşağı səviyyəli olur. Bu, həm təsir müddətindən, həm təsirin dərəcəsindən, həm də dölün inkişafının hansı mərhələdə olmasından asılıdır. Boğaz heyvanlara oksigen catışmazlığı ilk məhrələdə başqa, son məhrələdə digər formada təsir edir. Ən güclü təsir orqanogenez və rüşeym dövrlərində müşahidə olunur. Erkən mərhələdə oksigen çatışmazlığı olan heyvanlarda dölün məhv olması baş verir. Son mərhələdə artıq formalaşmış döllərin psixi fəaliyyətində oksigen çatışmazlığı nəticəsində problemlər yaranır, o, nevroz olur. Psixi pozuntuların nəticəsində zəif yaddaş, görmə, eşitmə sisteminin, hərəkət dinamikasının pozulması baş verir: “Psixoloji durumu belə olan adam gələcəkdə ya yaxşı müəllim, ya da iqtisadçı ola bilməyəcək. Onun cəmiyyətdən müəyyən dərəcədə kənar qalmaq ehtimalı çoxalır”.
Trend.az