Azərbaycanda nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə bəzi cəzalar yüngülləşdiriləcək
Azərbaycanda sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cəzalar 3 dəfə yüngülləşdiriləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişikliklər edilməsinə dair qanun layihəsi hazırlanıb.
Qanun layihəsində Məcəllənin 155-ci maddəsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeniliklərə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə cərimə 50 manat olacaq.
Qeyd edək ki, hazırda bu cərimə 150 manat təşkil edir.
Artıq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq plenar iclasa çıxarılması tövsiyə olunub.
Trend.az