Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayış iyunun 1-dən tələb olunacaq
Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirilir.
APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir.
Bu dəyişikliyi şərh edən komitə sədri Hadı Rəcəbli bildirib ki, buna səbəb tibbi arayışın tələb olunması və o arayışda göstəriləcək xəstəliklərin tərtib olunması ilə bağlı sənədlərin rekviditləşdirilməsinin yanvarın 1-dən qüvvəyə minməsi üçün çatdırıla bilməməsidir.
Dəyişiklik plenar iclasa tövsiyə olunub.
Apa.az