Azərbaycanda əməyin mühafizəsi məsələlərinə həsr olunmuş seminar-müşavirə keçirilib

Posted by

Azərbaycanda əməyin mühafizəsi məsələlərinə həsr olunmuş seminar-müşavirə keçirilib

Azərbaycanda əməyin mühafizəsi məsələlərinə həsr olunmuş seminar-müşavirə keçirilib

 

 

Azərbaycanda əməyin mühafizəsi məsələlərinə həsr olunmuş seminar-müşavirə keçirilib

Yanvarın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirib.

 

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələri və 120-dən çox işəgötürən iştirak edib.

 

Seminar-müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasında işçi hüquqlarının yüksək səviyyədə təminatının, o cümlədən əməyin mühafizəsinin mühüm komponentlərdən olduğunu vurğulayıb. F.Əlizadə bildirib ki, əməyin mühafizəsi sahəsində qanunvericiliyini mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirən ölkəmizdə bu qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti də daim güclənir.

 

Xidmət rəisi bildirib ki, ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan ümumilikdə 20 min 417 hüquq pozuntusunun 10,3 faizi məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub. Belə hallara görə işəgötürənlərə qanunvericilik əsasında cəza tədbirləri tətbiq olunur. Lakin bu sahədə institusional tədbirlərə də önəm verilir. Məsələn, bir çox təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislərin bilik səviyyəsinin qənaətbəxş olmadığı nəzərə alınaraq, ƏƏSMN tərəfindən həmin mütəxəssislər üçün ötən ilin noyabrından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanılıb. Kurslara cəlb olunanlara əməyin mühafizəsinə dair elmi-hüquqi, praktik bilgilər verilib. İndiyədək həmin kurslara 119 nəfər cəlb olunub və aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlardan kursu bitirmiş 101 nəfərə müvafiq sertifikatlar verilib, digərləri isə hələ təlim keçməkdədir.

 

F.Əlizadə qeyd olunan sahədə həmkarlar və işəgötürənlər təşkilatları, habelə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə fəal əməkdaşlıq əlaqələrindən də danışıb.

 

Seminar-müşavirədə AHİK-in sədr müavini Cavanşir Alxasov, BƏT-in Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev, ASK-ın hüquq şöbəsinin müdiri Mehman Mehmanov, ayrı-ayrı işəgötürənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində müəssisələrdə mövcud vəziyyət geniş müzakirə olunub, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edilib. Tədbir zamanı əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar barədə məlumatlar da təqdim edilib, işəgötürənlərin sualları cavablandırılıb.

 

AzərTac.az