Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə iyulun 1-dən başlanacaq

Posted by

Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə iyulun 1-dən başlanacaq

Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə iyulun 1-dən başlanacaq

Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə iyulun 1-dən başlanacaq

Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Bakıda təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən “AmCham”ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daimi əməkdaşlıq Palata üzvlərinin işgüzar imkanlarını artırır və nazirliyə biznes mühiti ilə daha yaxın olmaq imkanını yaradır.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizminin hazırlandığını bildirib.

 

Əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq: “EİS-in proqram təminatı artıq hazırdır və yaxın aylarda sistemin tətbiqinə başlanacaq. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edəcək”.

 

EİS-dən istifadə ilə bağlı müvafiq məlumatlandırma işlərin aparıldığını diqqətə çatdıran İ.İsayev eyni zamanda əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə hazırlanan Milli Strategiya layihəsindən bəhs edib. O, layihəyə əsasən ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılacağını bildirib.

 

Aparılan islahatlarda sosial tərəfdaşlarla, o cümlədən işəgötürənlərlə əməkdaşlığa mühüm önəm verildiyini qeyd edən İ.İsayev ayrı-ayrı iri şirkətlərlə əməkdaşlığa dair Memorandumların, peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün 3 iri sığorta şirkəti ilə sazişlərin imzalandığını söyləyib. Nazirliklə “AmCham” arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayan nazir müavini “Həm xarici, həm də yerli şirkətlərlə sosial tərəfdaşlıq çərçivəsində əməkdaşlıq mühiti əmək bazarının inkişafı, əmək münasibətlərinin təkmilləşdirilməsi tədbirlərinin təşkili zamanı sahibkarların da rəy və təkliflərinin öyrənilməsinə və nəzərə alınmasına imkan verir. Çünki, bu sahədə atılan addımlar əmək bazarındakı tərəflərin ümumi maraqlarına xidmət edir”, – deyə bildirib.

 

Sonda İ.İsayev tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Apa.az