Azərbaycanda əlilliyin dinamikasında azalma qeydə alınıb
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində son bir ildə ilkin və təkrar əlillik qrupu təyin olunanların sayı azalıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, belə ki, ötən il ƏƏSMN-in Tibbi-sosial ekspert komissiyaları tərəfindən ilkin əlillik qrupu təyin olunanların sayı 2013-cü illə müqayisədə 7 664 nəfər azalıb. Hesabat dövründə, həmçinin təkrar əlillik qrupu təyin olunan şəxslərin sayında azalma 3 937 nəfər təşkil edib.
Ümumilikdə tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib. Bu dövrdə ƏƏSMN-in bərpa-müalicə müəssisələrində 7 837 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib, habelə nazirlik tərəfindən 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki ixtisaslaşmış reabilitasiya mərkəzlərində müalicə kursu keçməsi təşkil olunub.
Trend.az