Azərbaycanda əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növləri yaradılacaq
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Litva Respublikasında səfərdə olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə həyata keçirilən səfər zamanı tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Litvanın əmək və sosial müdafiə nazirinin müavini Alqirdas Şeşelqislə, nazirliyin sosial inteqrasiya və əmək qabiliyyətini itirmiş şəxslərlə iş üzrə strukturlarının məsul şəxsləri ilə görüşlər keçirib.
Görüşlərdə müvafiq qanunvericilik bazalarının təkmilləşdirilməsi, yeni reabilitasiya xidməti növlərinin tətbiqi yolu ilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, habelə onların əmək bazarına çıxışının səmərəli dəstəklənməsi sahəsində mövcud hüquqi baza və iş təcrübələri barədə qarşılıqlı məlumatlar verilib. Həmçinin Vilnüs və Kaunas şəhərlərinin reabilitasiya mərkəzlərinin iş prosesi, onlarda aparılan reabilitasiya metodları ilə tanışlıq olub, praktiki təcrübə mübadiləsi aparılıb.
Səfər zamanı iki ölkə arasında tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlığın davam etdirilməsi, Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinin mütəxəssisləri üçün Litva təcrübəsi ilə əlaqədar təqdimatın keçirilməsi və s. ilə bağlı yekdil fikir ifadə olunub.
Xatırladaq ki, qeyd olunan Tvinninq layihəsi Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsində Fransa, Almaniya və Litva ilə əməkdaşlığı və təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur.
Trend/az