Azərbaycanda ilk dəfə labirint formalı qəbirlər aşkarlanıb
Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində labirint formalı qəbirlər tapılıb. Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.
Onun sözlərinə görə, qəbirlər bir-birilərinə dairəvi formada bitişib. Güman edilir ki, qəbirlərin mərkəzindəki qəbir tayfa başçısına, onun ətrafındakı qəbirlər isə tayfa üzvlərinə məxsusdur.
Bu qəbirləri unikal abidə sayan Q.Ağayev bildirib ki, qəbirlərin bir tərəfləri açıqdır. Bununla da bir qəbirdən o biri qəbirə cıxış var: “Yəqin ki, bu, dini inanclarla bağlıdır. Ruhun bir bədəndən digərinə keçməsi üçün belə edilib”.
Q.Ağayevin sözlərinə görə, ilkin tədqiqatlara əsasən, abidələr orta tunc dövrünə aiddir. Abidələrdə tədqiqat işlərinin gələn il ərzində aparılması nəzərdə tutulur.
Trend/az