Azərbaycanda hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməyəcək

Posted by

Azərbaycanda hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməyəcək

 

Azərbaycanda hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməyəcək

Azərbaycanda hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməyəcək

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Cinayət-Prosessual Məcəlləsində aşağıdakı məzmunda 7.0.38-1-ci maddə əlavə edilir:

“7.0.38-1. həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır;”.

90.7.6-cı maddə aşağıdakı redaksiyada verilir:

“90.7.6. tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;”.

 

91.5.6-cı maddə aşağıdakı redaksiyada verilir:

“91.5.6. tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;”.

Aşağıdakı məzmunda 148.5-ci maddə əlavə edilir:

“148.5. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir.”.

152.1-ci maddə aşağıdakı redaksiyada verilir:

“152.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması yalnız məhkəmənin qərarına əsasən həyata keçirilir. Məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti əsasında prokuror tərəfindən müvafiq təqdimat verilir:”.

 

Aşağıdakı məzmunda 159-1-ci maddə əlavə edilir:

“Maddə 159-1. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi

159-1.1. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər.

159-1.2. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması məqsədi ilə həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsini zəruri hesab edən müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi zərurəti ilə razılaşdıqda, bu barədə həbs qətimkan tədbiri haqqında qərarı çıxarmış məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə təqdimata məhkəmə nəzarəti qaydasında baxır və həbs edilmiş şəxsin müddəti göstərilməklə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

159-1.3. Həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ilə bağlı, onun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.

159-1.4. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir.

159-1.5. Həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən keçirilir.

159-1.6. Həbs edilmiş şəxsin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qadağandır.”.

161-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 161. İstintaq təcridxanasının müdiriyyətinin vəzifələri

161.1. İstintaq təcridxanasının müdiriyyətinin aşağıdakı vəzifələri vardır:

161.1.1. istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq:

161.1.1.1. adı, atasının adı, soyadı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;

161.1.1.2. şəxsin həbs edilməsinin əsası və onun həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;

161.1.1.3. istintaq təcridxanasına gətirilmənin tarixi və vaxtı;

161.1.1.4. həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;

161.1.1.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;

161.1.1.6. həkim sirrinə aid tələblər nəzərə alınmaqla, həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki qüsurları barədə məlumatlar;

161.1.2. həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən dərhal sonra ona həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmaq (istintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz) əgər həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna bu barədə dərhal məlumat vermək və bu cür məlumatın verildiyini qeydə almaq;

161.1.3. həbs edilmiş şəxsin istintaq təcridxanasına gətirildikdən sonra təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;

161.1.4. həbs edilmiş şəxsləri hüquq və vəzifələri, daxili intizam qaydaları, istintaq təcridxanasında saxlanılma rejimi, təklif, ərizə və şikayətlərin verilməsi qaydası ilə tanış etmək və onlara bu barədə izahat vermək;

161.1.5. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;

161.1.6. həbs edilmiş şəxslərin istintaq təcridxanasında şəxsi təhlükəsizliyini təmin etmək;

161.1.7. həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətlərini həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara vermək;

161.1.8. həbs edilmiş şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq;

161.1.9. həbs edilmiş şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin etmək;

161.1.10. həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təmin etmək;

161.1.11. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən həbs edilmiş şəxsləri ayrılıqda saxlamaq, həbs edilmiş şəxsin digər həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısını almaq, habelə həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan digər məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;

161.1.12. həbs edilmiş şəxslərin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;

161.1.13. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, həbs edilmiş şəxslərin iştirakı ilə istintaq təcridxanasında istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;

161.1.14. həbs edilmiş şəxsləri məhkəmənin qərarına əsasən digər istintaq təcridxanasına köçürmək;

161.1.15. həbs edilmiş şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;

161.1.16. həbs edilmiş şəxsin həbsdə saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;

161.1.17. həbs edilmiş şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq;

161.1.18. bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulmuş hallarda həbs edilmiş şəxsi dərhal həbsdən azad etmək.

161.2. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra keçirilmiş tibbi müayinənin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlara əlavə olunmasını təmin etməlidir.

161.3. Həbs edilmiş şəxsin prosessual hərəkətlərdə iştirak etməsi ilə əlaqədar onun barəsində aşağıdakı məlumatlar qeydə alınır:

161.3.1. prosessual hərəkəti həyata keçirən orqan;

161.3.2. prosessual hərəkətin yeri və vaxtı;

161.3.3. prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayət.”.

Aşağıdakı məzmunda 232.2-1-ci, 232.2-2-ci, 233.5-1-ci və 233.5-2-ci maddələr əlavə edilir:

“232.2-1. Hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.

232.2-2. Müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.

233.5-1. Hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.

233.5-2. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.”.

 

Trend.az