Azərbaycanda gənclər əhalinin təxminən 30 faizini təşkil edir

Posted by

Azərbaycanda gənclər əhalinin təxminən 30 faizini təşkil edirAzərbaycanda gənclər əhalinin təxminən 30 faizini təşkil edir

Azərbaycanda gənclər əhalinin təxminən 30 faizini təşkil edir

“Gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə “2014-2024-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2014-2020-ci illər üçün Milli Strategiya”nın layihələri hazırlanmışdır”. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda ölkəmizdə gənclər əhalinin təxminən 30 faizini təşkil edir: “Onların inkişafı, xüsusilə regionlarda yaşayan gənclərin məlumatlandırılması və sosial xidmətlərin göstərilməsi məqsədilə ölkədə “Gənclər evləri” şəbəkəsi yaradılır. 2014-cü ildə nazirliyin sifarişi ilə 4 gənclər mərkəzi yaradılmışdır. Naxçıvan, Xəzər, Suraxanı və Sabunçu gənclər evi də daxil olmaqla, qısa müddət ərzində ölkədə artıq 31, ilin sonunadək daha ən azı 3, 2015-ci ilin sonunadək isə təkcə “Dövlət Proqramı” çərçivəsində 7 belə müəssisə inşa ediləcəkdir. İntellektual və yaradıcı gənclərin inkişafı üçün stimulların yaradılması vacib prioritetlərdəndir. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq yüksək nailiyyətlər əldə etmiş 6 nəfər gənc hər biri 10 min manat olmaqla “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilmişdir. Bu ilin may ayında “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” adlı Gənc Alimlərin Beynəlxalq Bakı Forumu keçirilmişdir. Dünyanın 96 ölkəsindən 400-dək iştirakçı elmin müxtəlif sahələri üzrə müzakirələrə qatılmışdır”.

A.Rəhimov bildirib ki, hesabat dövründə respublikanın bütün rayon və şəhərlərindən seçilmiş 1900 nəfər nümayəndənin iştirakı ilə Azərbaycan Gənclərinin VII Forumu keçirilmişdir.

Son on il ərzində ölkədə gənclərin qeyri-hökumət təşkilatlarının sayı 6 dəfəyədək artaraq 51-dən 300-ə çatmışdır. Onlara dövlət tərəfindən göstərilən dəstəyin həcmi bu müddətdə dəfələrlə artmışdır. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə təkcə nazirlik tərəfindən keçirilən müsabiqədə ümumi məbləği 2 milyon manatdan artıq olan və 115 min avro olan 110 layihə dəstəklənmişdir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində yeni elektron xidmətlər yaradılıb, xüsusi saytda tam məlumat bazası yerləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu uğurlu fəaliyyət göstərərək, hesabat dövrü ərzində 827 layihəni dəstəkləmişdir, bunlardan 13-ü beynəlxalq layihə olmuşdur. Ümumilikdə isə Gənclər Fondu tərəfindən 2012-ci ildən başlayaraq 1457 layihə dəstəklənmişdir. Fond ölkənin hər bir şəhər və rayonunda gənclərin müxtəlif sahələrə olan maraqlarını əks etdirən layihələrin həyata keçirilməsinə nail olmuşdur.

2014-cü ildə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə 21 ölkədə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqələri keçirilmiş, 174 qalibin ölkəmizə səfəri təmin edilmişdir. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilmiş, 3 minədək esse təqdim edilmiş, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər etmişdir.

2014-cü ilin yay aylarında Bakı və rayonlarda 1700 nəfərin iştirakı ilə “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələri təşkil edilmişdir.

Nazir vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması daim diqqət mərkəzindədir. 2014-cü il sentyabrın 30-da Moskvada 500 gəncin iştirakı ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) “RAGT: dialoq və fəaliyyət” adlı V Konfransı keçirilmişdir: “Tərəfimizdən 42 xarici ölkə və beynəlxalq təşkilatla ikitərəfli əməkdaşlıq müqaviləsi icra edilir. Azərbaycanın gənclər təşkilatları 30-dan artıq beynəlxalq qurumun tamhüquqlu üzvüdür və 5 beynəlxalq platformanın yaradılması təşəbbüsü ilə çıxış etmişdir.

Dövlət gənclər siyasətinin həyata keçirilməsində Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlər və inkişaf səviyyəsi beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Məhz bu səbəbdən BMT-nin İnkişaf Proqramı, UNESCO, Avropa Şurası və BMT Baş Katibinin Gənclər üzrə xüsusi elçisinin ofisinin birgə qərarı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forum Bakıda keçiriləcəkdir. 2014-cü il oktyabrın 28-30-da keçiriləcək Forumda BMT-yə üzv ölkələrdən 700 nümayəndə və ekspertin iştirakı nəzərdə tutulub”.

 

Trend.az