Azərbaycanda epizootik vəziyyət sabitdir
Dövlət Baytarlıq Xidmətində 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir
Martın 15-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 2013-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən DBX-nin rəisi Sialə Rüstəmova 2013-cü ildə baytarlıq xidməti sahəsində həyata keçirilən tədbirlərdən danışmış, qurumun fəaliyyətini konkret faktlarla səciyyələndirmişdir. Bildirilmişdir ki, son dörd ildə görülən işlərin nəticəsi olaraq ölkədə heyvanların brusellyoza yoluxma halları azalmışdır. Ötən il müvafiq qurumlarla birlikdə quş qripi ilə bağlı 6 monitorinq aparılmışdır. Həm çöl, həm də ev quşlarını əhatə edən bu monitorinqlər zamanı götürülmüş 7 mindən artıq qan nümunəsi və patoloji material respublika baytarlıq laboratoriyasında müayinə edilmiş və heç bir halda quş qripi xəstəliyinin törədicisinə təsadüf edilməmişdir.
Xidmət rəisi qeyd etmişdir ki, digər qorxulu xəstəliklərdən biri olan quduzluğu nəzarətdə saxlamaq üçün DBX heyvanlar arasında zəruri vaksinasiya tədbirləri həyata keçirmiş, 46 nümunədə laboratoriya müayinəsi aparmışdır. Xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər görülmüş, xəstəliyin vaxtında qarşısı alınmışdır.
Xidmət rəisi vurğulamışdır ki, hazırda kəskin yoluxucu xəstəliklər üzrə Azərbaycanda epizootik vəziyyət sabitdir.
S.Rüstəmova mövcud nöqsanların aradan qaldırılması, baytarlıq tədbirlərinin səmərəliliyinin yüksəldilməsi üçün konkret tapşırıqlar vermişdir.
AzərTac.az