Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət proqramı hazırlanır
Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin direktoru Heymo Laakkoneni qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, S. Müslümov Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf göstəriciləri, xüsusən son on ildə əldə olunan mühüm tarixi nailiyyətlər haqqında H. Laakkonenə məlumat verib.
Nazir bildirib ki, Azərbaycan İnsan İnkişafı İndeksi üzrə “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək “yüksək insan inkişafı” qrupuna daxil olub: “Yoxsulluğun kəskin şəkildə azalaraq 5,3%-ə düşməsi, eyni zamanda insan potensialının qorunması və inkişaf etdirilməsi, ana və uşaqların sağlamlığı, ailələrin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət ölkədə demoqrafik sabitliyə səbəb olub. Ölkə əhalisinin sayı təkcə ötən ildə 1,3% artaraq bu ilin əvvəlinə 9 477,1 min nəfər təşkil edib. 2003-cü ildə doğulan hər nəfərə gözlənilən orta ömür uzunluğu göstəricisi 72,3 yaş idisə, 2013-cü ilin nəticələrinə görə bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş təşkil edib”.
S.Müslümov bildirib ki, hazırda nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” layihəsi hazırlanıb: “Bu sənəddə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri və həyata keçiriləcək zəruri tədbirlər müəyyən edilir”.
BMT-nin Əhali Fondunun Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərdiyini qeyd edən H.Laakkonen ötən müddətdə hərtərəfli inkişaf proseslərinin yaşandığı, eyni zamanda bu gün demoqrafik sabitliyin hökm sürdüyü Azərbaycanın BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə əhali sakinliyinin və demoqrafiyanın inkişafı, bu sahədə milli potensialın yaradılması və təkmilləşdirilməsi, müvafiq elmi tədqiqat işlərinin və təbliğatın aparılması, demoqrafik inkişafın qiymətləndirilməsi və proqnozlaşdırılması sahələrində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Apa.az