Azərbaycanda daha dörd arayışın verilməsi elektronlaşdırılıb
Bu gün “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, istifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
– Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış;
– Yaşayış yeri haqqında arayış;
– FİN-ə görə fərdi məlumatların axtarışı;
– Diplom haqqında məlumatlar.
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış – Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
Yaşayış yeri haqqında arayış – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
FİN-ə görə fərdi məlumatların axtarışı – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
– Soyad, ad, ata adı
– FİN
– ŞV verilmə tarixi
– Etibarlılıq tarixi
– Verən orqanın adı
– Vətəndaşlıq
– Yaşayış ünvanı
– Doğum yeri
– Doğum tarixi
– Boy
– Qan qrupu
– Ailə vəziyyəti
– Hərbi vəzifə
– Cins
– Göz rəngi
Diplom haqqında məlumatlar – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
– Qəbul olduğu təhsil müəssisəsinin adı
– Qəbul olduğu ixtisas
– Yerdəyişmə üzrə məlumatlar
– Bitirdiyi təhsil müəssisəsinin adı
– Bitirdiyi ixtisas
– Fakültə
– Təhsil pilləsi
– Təhsil forması
– Təlim dili
– TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
– Təhsil müəssisəsinə daxil olduğu il
– Təhsil müəssisəsini bitirdiyi il
– Diplomun seriya və nömrəsi
– Diplomun növü
E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.
Apa.az