Azərbaycanda bələdiyyələrin məsuliyyəti daha da artırılır
“Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklər edilir.
Trend xəbər verir ki, bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclasında “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklər edilirəsi barədə” Qanun layihəsi müzakirə edilib.
Komitənin sədri Arif Rəhimzadə bildirib ki, “Bələdiyyələrin statusu haqqında” mövcud Qanunda bələdiyyə üzvlərinin fəaliyyətinə xitam verilməsi qaydası olsa da, onların statusu müəyyən edilmədiyindən bu məsələ çox vaxt aparır. Qanuna edilən dəyişikliklərə görə isə, bundan sonra məhkəmələr bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edə biləcəklər.
Digər tərəfdən, ümumilikdə bundan sonra bələdiyyələrin fəaliyyətinə də vaxtından əvvəl xitam verilə bilər. Dəyişikliklərə əsasən, bələdiyyələr hər il yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verməlidirlər: “Əgər seçicilər bələdiyyənin hesabatını qeyri-qənaətbəxş qiymətləndirsələr, həmin hesabat Milli Məclisə göndərilir. Parlament də həmin hesabatı qeyri-qənaətbəxş hesab etsə, o zaman bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilir və MSK həmin bələdiyyənin buraxılması, fəaliyyətinin vaxtından əvvəl dayandırılması haqqında qərar qəbul edir”.
Onun fikrincə, bu dəyişikliklər bələdiyyələrin məsuliyyətini artıracaq, onlarla seçicilər arasında münasibətləri daha da normallaşdıracaq, bələdiyyələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi istiqamətində böyük stimul olacaq.
Çıxış edən millət vəkilləri də dəyişikliklərin mühüm əhəmiyyət daşıdığını, bələdiyyələri bundan sonra daha məsuliyyətli olmağa vadar edəcəyini bildiriblər.
Sonda qanun layihəsinin MM-in plenar iclasına çıxarılması tövsiyə olunub.
Trend.az