Azərbaycanda banklardan kredit almaq çətinləşəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib.
Ölkənin bank sektorundakı mənbələrin Trend-ə verdikləri məlumata görə, AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsinin dayandırılması göstərişi ilə bağlı məktub göndərib: “Bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirdir. Əhaliyə kreditlərin verilməsi üzrə təsdiqlənmiş prosedur mövcuddur, orada iş yerindən arayışın təqdim edilməsinin vacibliyi göstərilib. Bu bənd pozulmayıb, lakin onun yerinə yetirilməsinə nəzarət AMB-nin fikrincə, kifayət qədər deyil və banklara qaydaların yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb”.
Qeyd olunur ki, AMB-nin tələbləri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, yaxud problemli kreditlərin artımı ilə bağlı deyil: “Ölkənin iri banklarının portfellərinin keyfiyyəti yüksək səviyyədədir. Eyni zamanda, borc yükü də artır və bu, AMB-də xəbərdarlıq tədbirləri ilə tənzimləmə istəyi yaradır. Baxmayaraq ki, Azərbaycanda bu göstərci qonşu ölkələrlə, o cümlədən Rusiya ilə müqayisədə xeyli aşağıdır”.
Azərbaycanda 43 bank fəaliyyət göstərir.