Azərbaycanda şagirdlər narkomaniya ilə bağlı müayinədən keçirilə bilər

Posted by

Azərbaycanda şagirdlər narkomaniya ilə bağlı müayinədən keçirilə bilərAzərbaycanda şagirdlər narkomaniya ilə bağlı müayinədən keçirilə bilər

Azərbaycanda şagirdlər narkomaniya ilə bağlı müayinədən keçirilə bilər

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) şagirdlərin narkomaniyaya görə müayinədən keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bunu nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

İdarə rəisi bildirib ki, bir sıra dövlətlərdə, o cümlədən qonşu Rusiyada şagirdlər narkomaniyaya qurşanma ilə bağlı narkokabinetlərdə məcburi qaydada müayinədən keçirilir və bununla bağlı qanunvericilik bazası var: “Bu istiqamətdə Azərbaycan Daxili İşlər Nazirliyi təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu məsələyə baxılır və hazırda gündəmdədir. Sadəcə olaraq, Rusiyada şagirdlər tam anonimliklə testdən keçirilir. Rusiya məktəblərində şagirdlər valideynlərin icazəsi ilə testdən keçirilir. Həmçinin ali məktəblərin özlərinin nizamnamələri var və onlara müəyyən dəyişikliklər edilir. Əgər tələbə hər hansı bir ali təhsil ocağını seçirsə, təbii ki, həmin nizamnaməyə riayət etməlidir. Bu məsələnin çox müsbət tərəfi var. Bu, narkotikə yeni qurşanan şəxslərin müalicəsi və reabilitasiyası üçün effektivdir və bu prosesləri daha asanlıqla həyata keçirmək olur”.

 

H.Aslanov qeyd edib ki, narkocinayətkarlıqla əlaqədar məktəblərin və yaşayış sahələrinin ətrafında mütəmadi olaraq reydlər keçirilir. Mütəmadi olaraq məktəblərin ətrafında yaradılan narkopritonlar və narkotiklə bağlı digər cəhdlərlə əlaqədar müəyyən əməliyyat-axtarış tədbirləri həyata keçirilir: “Narkomanlıqla bağlı bizə müraciətlər olur, lakin bu hallar kütləvi deyil. İl ərzində maksimum 2-3 belə müraciət olur. Müraciətlər də onunla bağlı olur ki, hansısa məktəbin həyətində istifadə olunmuş şpris var. Uşaqlar və valideynlər tərəfindən belə müraciətlər olduqda onlara dərhal reaksiya verilir”.

Trend.az