Azərbaycanda şagirdlər üçün yeni imtahan keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək.
Komissiyadan Trend-ə verilən məlumata görə, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.
Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. İmtahanın keçirilməsi və məzmunun müəyyənləşdirilməsi səlahiyyətləri “College Board” təşkilatına məxsusdur.
TQDK 2014-cü ildə SAT imtahanı keçirmək səlahiyyəti əldə edib.
İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı dekabrın 11-dən 29-dək aparılıb və 10 namizəd qeydiyyatdan keçib.
Trend/az