Azərbaycanda 4450 əlil və şəhid ailəsi mənzillə təmin edilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müxtəlif formalarda əhali ilə keçirilən görüşlərdə, eləcə də nazirliyə ünvanlanan bir sıra müraciətlərdə ümumi səbəblərdən əlilliyi olan ayrı-ayrı şəxslərin ƏƏSMN tərəfindən mənzillə təmin olunması məsələsi əksini tapır.
Nazirlikdən Trend-ə verilən məlumatda deyilir: “Bununla bağlı olaraq, vətəndaşların diqqətinə çatdırırıq ki, müvafiq qanunvericilik aktlarında ƏƏSMN-nin sifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub”.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında da ƏƏSMN tərəfindən məhz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin inşa etdirilməsi konkret şəkildə öz əksini tapıb. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinə (İH) müraciət edə bilərlər.
Digər tərəfdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi ƏƏSMN tərəfindən deyil, aidiyyatı rayon (şəhər) İH-ləri tərəfindən həyata keçirilir. ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim etdikləri həmin növbəlilik siyahıları əsasında aparır. Qeyd olunan mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölməsinin “Mənzillə təminat” altbölümündə ictimaiyyətə təqdim olunur. Bu bölmədə artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları yerləşdirilib.
Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında” 22 iyun 2009-cu il tarixli 319 nömrəli Sərəncamına əsasən, bir qrup Böyük Vətən müharibəsi əlili və iştirakçısına da ƏƏSMN tərəfindən inşa etdirilən yaşayış binalarında mənzillər təqdim olunub. Həmçinin Çernobıl AES əlilləri müharibə əlillərinə bərabər tutulan şəxslərdir və Çernobıl Əlilləri Cəmiyyətinin müraciəti əsasında bu kateqoriyadan olan bir sıra şəxslərin də mənzillə təminatı həyata keçirilib. Eyni zamanda, Gözdən Əlillər Cəmiyyətinin müraciəti əsasında istisna hal olaraq, ƏƏSMN-nin sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün çoxmənzilli yaşayış binası inşa olunur.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı da ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.
Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib.
Cari ilin ötən dövründə bu kateqoriyadan olan şəxslərə 172 mənzil təqdim olunub.
Trend/az