Azərbaycanda 3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olunacaq
Azərbaycanda uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir. Tremd-in məlumatına görə, bunu “Azərbaycan qəzetinə müsahibəsində Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı, bu dəfə sığorta sistemi vasitəsi ilə, yenə də əsasən büdcənin üzərinə düşəcək. Bununla yanaşı, vətəndaşların və işəgötürənlərin də icbari tibbi sığorta fondunun formalaşmasında rolu təmin edilməlidir: “Bu, hər şeydən əvvəl, dövlətin sosial öhdəlikləri ilə əlaqədardır. Lakin səhiyyə xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması zərurəti maliyyələşmənin yeni mənbələrinin axtarılıb tapılmasını tələb edir. Vətəndaşların icbari tibbi sığortalanması bu mənada mühüm əlavə maliyyə mənbəyi kimi nəzərdən keçirilə bilər. Eynilə işəgötürənlərin də öz işçiləri üçün tibbi sığorta ödəmələrini həyata keçirməsi kimi vacib mənbə nəzərə alınmalıdır”.
Baş nazirin müavini qeyd edib ki, bü gün öz işçilərinin müalicə xərclərini ödəyən iri işəgötürənlərin sayı getdikcə artmaqdadır.
Ə.Əhmədov hesab edir ki, işəgötürənlər əməkhaqqının 2 – 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar: “Vətəndaşlara gəldikdə isə, onların həmrəylik prinsipinin əhəmiyyətini lazımınca qiymətləndirəcəyinə inanıram. Hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır. Əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşın icbari sığorta ödəmələrindən boyun qaçırması ən azından, başa düşülməz”.
Ə.Əhmədov qeyd edib ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz. İkinci tərəfdən, bununla hər bir vətəndaş böyük xərclər çəkmədən özünün və ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olur: “Hamıya aydın olmalıdır ki, icbari tibbi sığorta haqlarını intizamla ödəməklə insan sağlamlığı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmaq üçün daha artıq xərclərdən sığortalanmış olur. İcbari tibbi sığortanın mahiyyəti elə bundan ibarətdir. Bunu cavan da, yaşlı da dərk etmək zorundadır”.
Trend.az