Azərbaycanda 110 bələdiyyə ləğv edilib

Posted by

Azərbaycanda 110 bələdiyyə ləğv edilib

Azərbaycanda 110 bələdiyyə ləğv edilib

Azərbaycanda 110 bələdiyyə ləğv edilib

Milli Məclisin yaz sessiyası başa çatıb

 

Bu gün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, ilk vaxtlar Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərib. Onun sözlərinə görə, 2009-cu il mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirilib: “Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da, 110 bələdiyyə ləğv edilir. Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonlarının hər birində 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Ağdaşda 15, Qəbələ rayonunda isə 19 bələdiyyə birləşdirilir”.

 

Millət vəkili İqbal Ağazadə deyib ki, bələdiyyələrin birləşməsi ilə bağlı ötən il də qərar qəbul edilib. O, bələdiyyələrin birləşdirilməsi siyasətinin düzgün olmadığını, az əhali yaşayan qəsəbələrdə belə yerli bələdiyyənin yaradılmasının daha məntiqli olduğunu qeyd edib: “Biz gələcəkdə az əhali olan yerlərdə bələdiyyələrin yaradılması məsələsinə qayıdacağıq, əks proses gedəcək. Həm də biz Avropa Şurasına qəbul olunarkən yerli idarəetmə ilə bağlı öhdəliklər götürmüşük. Niyə Bakı və digər böyük şəhərlərdə idarəetmə bələdiyyələrə həvalə edilmir? Bu gün bələdiyyələr yalnız qəbir yerləri ilə bağlı səlahiyyətləri var, bu sahədə müstəqildirlər”.

 

Spiker Oqtay Əsədov isə İqbal Ağazadənin fikirləri ilə razılaşmayıb: “Əgər bələdiyyənin yalnız qəbir yerləri ilə bağlı səlahiyyəti varsa, o halda niyə partiyalar bələdiyyələrə daha çox üzvlərinin seçilməsinə çalışır? Mən sizin fikrinizlə razılaşmıram”.

 

Millət vəkili Bəxtiyar Əliyev bələdiyyə ərazilərində yaşayış evlərinin plansız tikilməsinə diqqət çəkib: “Bu günlərdə yalnız Abşeronda kommunikasiyaların, poliklinika və məktəblərin yerlərinin müəyyənləşdirildiyini gördüm. Digər yerlədə belə planlaşdırma aparılmır, plansız evlər tikilir, sonra kommunikasiya problemi yaranır. Bir də görürsən ki, bələdiyyə torpağında xəbərsiz ev tikilir, torpaqlar zəbt olunur”.

 

O. Əsədov isə B. Əliyevin xəbərsiz tikinti ilə bağlı söylədikləri ilə razılaşmayıb: “Sözsüz ki, kommunikasiya xətləri qurulmamış, planlaşdırma aparılmamış ərazilərdə evlərin tikintisi aparılmamalıdır. Yaxşı olar ki, yalnız planlaşdırma aparılmış ərazilər bələdiyyə torpaqları hərraca çıxarılsın. Ancaq xəbərsiz tikinti aparılması barədə söylədiklərinizlə razılaşmıram. Xəbərsiz tikinti aparılan yer yoxdur”.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Daha sonra millət vəkilləri “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul ediblər.

 

Spiker Oqtay Əsədov bununla da, yaz sessiyasının başa çatdığını bildirib. Dövlət himninin oxunması ilə sessiya bağlı elan edilib.

 

Apa.az