Azərbaycan Xəzərdə Rusiya gəmisini saxlayıb

Posted by

Azərbaycan Xəzərdə Rusiya gəmisini saxlayıb

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini: “Gəminin saxlanılmasının səbəbi borc və gəmidə yaranmış texniki nasazlıqdır”

Azərbaycan Xəzərdə Rusiya gəmisini saxlayıb

Xəzər dənizin Azərbaycana aid hissəsində Rusiya bayrağı altında üzən “Vətən-1” gəmisi qəzaya uğrayıb.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 1972-ci ildə istehsal olunan, “VTS-TRans” şirkətinə məxsus olan gəminin göyərtəsində Rusiya və Ukrayna vətəndaşları var.

 

Məlumata əsasən, Rusiyadan Azərbaycana sement daşıyan gəminin mühərriki sıradan çıxıb və gəmi Bakı sahili yaxınlığında dayanmağa məcbur olub.

 

Gəminin heyəti bildirir ki, onların mühərriki təmir etmək üçün ehtiyat hissələri yoxdur, qida məhsulları və yanacaq da tükənib. Gəmi sahibinin isə limana külli miqdarda borcu var. Heyətin üzvləri deyirlər ki, onlar üç gündür limana daxil ola bilmirlər, onların müraciətlərinə heç kim baxmır, məvacibləri isə 3 aydan çoxdur ki, ödənilmir.

 

Məlumatda həmçinin qeyd olunur ki, gəminin köməyinə Azərbaycan Dövlət Dəniz Administrasiyasının qəza-xilasetmə gəmisi göndərilib. Gəminin Bakı dəniz limanına göndərilməsi gözlənilir.

 

Həştərxan vilayətin qubernatoru Aleksandr Jilkin isə bildirib ki, gəminin sahibi ilə danışıqlar aparılır: “Biz gəminin sahibi ilə təmirlə bağlı danışıqlar aparırıq. Azərbaycan da lazımi yardımlar edir”.

 

Gəmin kapitanı Rusiya vətəndaşı Timur Kamalovdur.

 

Gəminin göyərtəsində olan Aleksey, Bakulin, Yelena Kosıreva, Əsədulla Əsədullayev Rusiya, Maksim Ponomarçuk, Pavel Savçenko, Dmitri Buş, Aleksey Vekov, Dmitri Knyazev və Oleq Komisarçuk isə Ukrayna vətəndaşıdır.

 

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov isə APA-ya açıqlamasında Rusiyaya məxsus yük gəmisinin Xəzərin Azərbaycan sektorunda gəmidə yaranmış texniki nasazlıq və borc məsələləri ilə bağlı saxlanıldığını deyib: “Gəminin saxlanılmasının səbəbi borc və gəmidə yaranmış texniki nasazlıqdır. Həmin gəmi Rusiyanın özəl şirkətinə məxsusdur və gəminin Azərbaycan limanına borcu var. Həmin şirkətin onlarla birgə çalışan Ukrayna vətəndaşlarına da borcu var. Neçə aydır, həmin şəxslərin pulları ödənilmir. Bununla bağlı Ukraynanın Azərbaycandakı səfirliyindən də bizə müraciət ediblər. Bütün bunlarla yanaşı, gəmidə texniki nasazlıq olub və buna görə də saxlanılıb. Hazırda tərəfimizdən onlara texniki yardım da göstərilir. Məsələlər həllini tapandan sonra gəmi və heyəti sərbəst buraxılacaq”.

 

Apa.az