Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsili ilə bağlı yeni qaydalar təsdiqlənib

Posted by

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsili ilə bağlı yeni qaydalar təsdiqlənibNazirlər Kabineti “Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması Qaydaları”nı təsdiq edib

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsili ilə bağlı yeni qaydalar təsdiqlənib

Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nı təsdiq edib.

 

 

APA-nın məlumatına görə, bu Qaydalar Azərbaycan vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq? təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycanın təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir.

 

 

Qaydalar Azərbaycanda daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

 

 

Azərbaycan vətəndaşlarının xaricdə təhsili dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr, Azərbaycan hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar, təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr, xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar , Azərbaycanın hüquqi və fiziki şəxslərinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladıqları müqavilələr əsasında həyata keçirilir.

 

 

 

 

Azərbaycanda təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər), əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri), sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış, etibarlı sərhədkeçmə sənədi, 3×4 ölçüdə 6 ədəd fotoşəkil, tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda), fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda) təqdim etməlidirlər. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.

 

 

Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar:

-Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;

– yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.

 

Əcnəbilərin ümumi təhsil və ilk peşə-ixtisas təhsili pillələrində təhsili müvafiq dövlət standartları və təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.

 

 

 

Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla aparılır. Kvota əsasında təhsil alan əcnəbilərin təhsil haqqı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun olaraq ödənilir.

 

 

Azərbaycanda təhsil alan əcnəbilər təhsil müəssisələrindən xaric edildikdə, təhsil müəssisəsi 3 iş günü ərzində bu barədə Təhsil Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.

 

 

Apa.az