Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması ilə bağlı tətbiqi edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib çıxarırdı.
Qaydalarda namizədin dil biliyinin yoxlanması ilə bağlı yeniliklər də əks olunub. Xarici təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları və Azərbaycanın təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pillə və ya səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbilər tədris dilini dəyişmədikləri halda, həmçinin qaydalara uyğun olaraq, müvafiq dil biliyi sertifikatı olan şəxslər dil biliyinin yoxlanmasından azad olunurlar.
Beləliklə, 2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu apara biləcəklər.
Yeni qaydalar ölkəmizin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyinin artırılmasına və təhsilin beynəlmiləlləşməsinə kömək edəcək.
Trend.az