Azərbaycan və Vyetnam arasında təhsil sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə olunub

Posted by

Azərbaycan və Vyetnam arasında təhsil sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın Təhsil və Təlim naziri Pham Vu Luan ilə görüşüb.

 

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Həmçinin Sovet İttifaqı dövründə minlərlə vyetnamlı gəncin Azərbaycan universitetlərində, xüsusilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universitetində təhsil aldığı vurğulanmış, hal-hazırda həmin məzunların Vyetnamın özəl və dövlət sektorlarında müxtəlif vəzifələrdə çalışdığı qeyd olunmuşdur.

 

Bu ənənənin müasir dövrdə də davam etdiyi bildirib və hazırda Vyetnamın PetroVyetnam şirkətinin xətti ilə 33 nəfər vyetnamlı tələbənin Azərbaycanda təhsil aldıqları diqqətə çatdırıb.

 

Görüş zamanı tərəflər iki ölkə arasında təhsil sahəsində mövcud olan əməkdaşlığın genişləndirilməsi üçün təhsil üzrə mütəxəsislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsi, təhsil sərgilərinin təşkil olunması, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulması, təhsil sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi barədə fikir mübadiləsi aparmışlar.

 

Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.