Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində gecikmələrin aradan qaldırılması üçün Gürcüstana müraciət edib
Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bunu Trend-ə verdiyi açıqlamada Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan bildirib.
Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi son dəfə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Tbilisidə müzakirə edilib: “Prezidentlərin görüşü zamanı müzakirə olunan mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi olub”.
Onun sözlərinə görə, layihənin Türkiyədən keçən hissəsində işlərin 80 faizdən çoxunun başa çatmasına baxmayaraq, Gürcüstan ərazisində gecikmələr müşahidə olunur: “Gürcüstan ərazisində xüsusən də uzunluğu 2700-2800 metr olan tunellərin inşasında gecikmələr var. Bu işlərin tamamlanması üçün Azərbaycan və Türkiyə Gürcüstana müraciət ediblər”.
Nazir onu da qeyd edib ki, layihənin tamamlanması ilə Londondan Pekinə qədər dəmiryol xətti olacaq: “Türkiyədə “Marmaray” dəmiryol xəttinin tamamlanması və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Londondan Pekinə qədər olan məsafə demək olar ki, bir-birinə qovuşacaq”.
Onun sözlərinə görə, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələri daha da gücləndirməklə yanaşı, Orta Asiya və Çinə qədər bütün ölkələri bir-birinə bağlayacaq.
Trend.az