Azərbaycan və Rumıniya hökumətləri arasında elmi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın iclası keçiriləcək
Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 15 sentyabr tarixində Rumıniyanın xarici işlər naziri Titus Korlatean ilə görüşüb.
AR XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi və ticarət əlaqələrinin daha da genişdirilməsi, investisiya qoyuluşu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrinin əhəmiyyəti qeyd olunaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rolu vurğulanıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Rumıniyanın tutduğu prinsipial və dəyişməz mövqeyinin və bu xüsusda Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq, iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq, gələn il Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə komissiyanın iclasının və işgüzar dairələrin iştirakı ilə biznes forumun keçirilməsi barəsində razılıq əldə olunub.
Görüşdən sonra nazir Elmar Məmmədyarov və Rumıniyanın Xarici işlər naziri Titus Korlatean tərəfindən birgə mətbuat konfransı keçirilib.
Trend.az