Azərbaycan və Gürcüstanın xilasediciləri “Qafqazın Təhlükəsizliyi – 2014” adlı birgə təlimlər keçirəcəklər
Sentyabrın 5-də Gürcüstanda Azərbaycan və Gürcüstan xilasedicilərinin “Qafqazın Təhlükəsizliyi – 2014” birgə təlimləri keçiriləcək.
Çərşənbə axşamı Gürcüstan Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, təlimlərdə məqsəd fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycanın müvafiq strukturlarının birgə fəaliyyətlərinin əlaqələndirilməsidir ki, bu, iki ölkə DİN-i arasında əməkdaşlıq memorandumunda nəzərdə tutulub.
Bundan başqa, BP şirkəti ilə imzalanmış saziş çərçivəsində xilasedicilər quruda və dənizdə neft dağılmalarının aradan qaldırılmasına yönəlmiş fəaliyyətlərinin əlaqələndirilməsi üzrə təlim keçirəcəklər.
Təlimlərdə Gürcüstanın DİN, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirliklərinin, Azərbaycanın FHN, BP şirkətinin, eləcə də “Enerji İnvest” ASC-nin nümayəndələri iştirak edəcəklər.
Gürcüstan DİN-in Fövqəladə Hallar Departamentinin Tbilisdəki bazasında birgə təlimlərə hazırlıqla bağlı görüş keçirilib. Görüş iştirakçıları bir sıra texniki və təşkilati məsələləri nəzərdən keçiriblər.
Trend.az