Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşəcəklər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəklər. Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
C.Uorlik bildirib: “Bu gün Nyu Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə səbirsizlənirik”.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərdədir.
Bundan öncə E.Məmmədyarov bildirmişdi ki, Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində həm Minsk qrupunun həmsədrləri ilə, həm də Ermənistanın xarici işlər naziri ilə görüş olacaq.
Trend.az