Azərbaycan və BP arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində BP Qrupunun Baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı ölkəmiz ilə BP şirkəti arasında əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı hər iki tərəf enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın və etimadın səviyyəsindən məmnunluğunu ifadə edərək, bu kimi tərəfdaşlıq münasibətləri nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin həyata keçirilməsinin mümkün olduğunu vurğulayıb.
Avropa regionunun təbii qaz təchizatında yeni imkanlar açan Trans Anadolu və Trans-Adriatik boru kəmərlərinin böyük potensialı xüsusilə qeyd edilərək, səmərəli əməkdaşlığın bundan sonra daha da böyük əzmlə davam etdirilməsinə və yeni layihələrin də uğurla nəticələnəcəyinə dair ümidvarlıq ifadə olunub.