Azərbaycan və Belarus beynəlxalq məkanlarda bir-birini dəstəkləyir

Posted by

Azərbaycan və Belarus beynəlxalq məkanlarda bir-birini dəstəkləyir

Azərbaycan və Belarus beynəlxalq məkanlarda bir-birini dəstəkləyir

 

Azərbaycan və Belarus beynəlxalq məkanlarda bir-birini dəstəkləyir

2014-cü il Belarus-Azərbaycan əlaqələri sahəsində müxtəlif formatlı bir sıra mühüm tədbirlərlə əlamətdar olub. Başa çatmaqda olan ilin əsas və mübahisəsiz yekunu ondan ibarətdir ki, bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq dinamik inkişaf edir. Bu, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin strateji statusunu təsdiq edir.

 

Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç bu sözləri dekabrın 17-də Belarusun Bakıdakı səfirliyində 2014-cü ilin yekunlarına və 2015-ci il üçün perspektivlərə həsr olunmuş mətbuat konfransında deyib.

 

Səfir qeyd edib ki, dövlətlərarası münasibətlərin yüksək səviyyəsi bu il oktyabrın 5-7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belarusa rəsmi səfərində də vurğulanıb. Həmin səfər müddətində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, ölkənin xarici işlər naziri Vladimir Makey, Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşlər ənənəvi səmimilik şəraitində keçib. Tərəflər təsdiq ediblər ki, Minsk ilə Bakı arasında heç bir problem və ya fikir ayrılığı yoxdur. Hər iki ölkə beynəlxalq məkanlarda, müxtəlif beynəlxalq qurumlara seçkilərdə bir-birini dəstəkləyir. Perspektivdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət barədə razılıq əldə edilib.

 

N.Patskeviç vurğulayıb ki, danışıqların yekunları ikitərəfli münasibətlərin durmadan, dinamik və səmərəli inkişaf edəcəyinə inamı daha da artırıb.

 

Səfirin sözlərinə görə 2014-cü ildə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ticari və iqtisadi sahədə əməkdaşlıq bu dövlətlərin tərəfdaşlığının strateji səviyyədə olmasını bir daha təsdiqləyib.

 

Əməkdaşlığın əsas prioritetləri istehsal kooperasiyası, elm və yüksək texnologiyalar, tikinti, təhsil və səhiyyə sahələrində müştərək layihələrdir.

 

Belarus Dövlət Statistika Komitəsinin məlumatına görə, Belarus ilə Azərbaycan arasında ticarətin həcmi qarşılıqlı faydalı kontraktların reallaşdırılmasına Belarus və Azərbaycan biznesinin marağının daim artmasını göstərir. 2014-cü ilin yanvar-oktyabr aylarında ticarətin həcmi 288,3 milyon dollara çatıb. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 25,2 faiz artıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2006-cı ildən başlayaraq ölkələrimizin qarşılıqlı ticarətində artımın yavaşıması halları olmayıb.

 

Belarus və Azərbaycan müəssisələri arasında istehsal kooperasiyasının inkişafı qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi üzrə işin ən əhəmiyyətli istiqamətlərindən biridir. Birgə elmi araşdırmalar sisteminə, hər iki ölkənin iqtisadi maraqları naminə müştərək innovasiya layihələrinin həyata keçirilməsinə, innovasiyalı məhsulların birgə istehsalının təşkil edilməsinə əsaslanan elmi-texniki əməkdaşlıq ikitərəfli əlaqələrin mühüm istiqamətidir.

 

2014-cü ildə iki ölkənin alimləri nanotexnologiyalar, fizika, energetika, radiasiya təbabəti sahələrində bir il əvvəl başlanmış 7 müştərək elmi tədqiqat işini davam etdiriblər. Bu işlərin hər biri tətbiqi xarakter daşıyır.

 

Belarusun Azərbaycandakı səfiri qeyd edib ki, tikinti sahəsində birgə layihələrin həyata keçirilməsi ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin mühüm istiqamətidir. Belə ki, belaruslu inşaatçılar İsmayıllı rayonunda məcburi köçkünlər üçün qəsəbə tikintisini 2013-cü ilin axırlarında başa çatdırıblar. Belarusun layihə təşkilatları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlıq edir. Məsələn, 2014-cü ildə Belarus Elmi-Tədqiqat Şəhərsalma Layihə İnstitutu Bakının yaxınlığında 70 min sakin üçün nəzərdə tutulan Qobu şəhərinin baş planını hazırlamağa başlayıb. “Beljeldorproyekt” Layihə İnstitutu isə Azərbaycan dəmir yolu infrastrukturunun layihələşdirilməsində iştirak etməyi planlaşdırır.

 

Təhsil sahəsində Belarus ilə Azərbaycan arasında əməkdaşlıq genişlənib. Bunun nəticəsində 2014-cü ildə 85 azərbaycanlı gənc Belarusun ali məktəblərində təhsil almaq üçün bu ölkəyə gəlib. Beləliklə, hazırda Belarusda təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı 588 nəfərə çatıb.

 

Tərəflər ilkin peşə təhsili sahəsində əməkdaşlığı davam etdirirlər. 2014-cü ildə inşaat peşələri üzrə mütəxəssislərin birinci buraxılışı olub. Onlar Bakıdakı 4 nömrəli peşə liseyində belaruslu mütəxəssislərin iştirakı ilə yaradılmış resurs mərkəzi bazasında təhsil alıblar.

 

2014-cü ilin yanvar-noyabr aylarında təkcə Belarusun Azərbaycandakı səfirliyi xətti ilə dövlət orqanlarının və müəssisələrin rəhbərləri, Belarus və Azərbaycan işgüzar dairələrinin nümayəndələri, alimlər, incəsənət və mədəniyyət xadimləri səviyyəsində 110-dan çox qarşılıqlı səfər həyata keçirilib.

 

Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı fəaliyyətin perspektivləri çox genişdir və bu, dünya iqtisadiyyatında yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, ticari-iqtisadi əməkdaşlığın daha da genişlənəcəyini söyləməyə əsas verir. Azərbaycanda olduğu kimi, Belarusda da çoxkonfessiyalı dialoq, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin təbliği məsələlərinə birinci dərəcəli əhəmiyyət verilir. Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin MDB müsəlmanlarının sıx birləşməsində xidmətlərini, onun yüksək vətəndaşlıq mövqeyini, səmərəli sülhməramlı fəaliyyətini nəzərə alaraq, sülhün və həmrəyliyin möhkəmləndirilməsi üzrə çoxtərəfli fəaliyyətinə görə onu dövlət təltifinə – Fransisk Skorina ordeninə layiq görüb.

 

AzərTac.az