Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Moskvada təntənəli qəbul keçirilib

Posted by

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Moskvada təntənəli qəbul keçirilibAzərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Moskvada təntənəli qəbul keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Moskvada təntənəli qəbul keçirilib

İyunun 26-da Azərbaycanın Rusiyadakı səfirliyi Silahlı Qüvvələrimizin yaradılmasının 97-ci ildönümü münasibətilə təntənəli qəbul təşkil edib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq Azərbaycan Ordusunun ilk hərbi hissəsindən – əlahiddə korpusun tarixindən danışıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli Silahlı Qüvvələrin yaradılmasında və inkişafındakı rolunu xüsusilə qeyd edib. Səfiri qeyd edib ki, müstəqillik illərində Azərbaycan dövləti güclü və müasir milli ordu quruculuğuna xüsusi diqqət yetirir. “Bu isə əbəs deyildir. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ölkəmizin ərazisinin 20 faizi işğal edilib. Hazırda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanının istənilən tapşırığını yerinə yetirməyə qadirdir”, – deyə diplomat bildirib. O, həmçinin vurğulayıb ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümid edir. Rusiya da ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanması üçün səy göstərir.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin hərbi attaşesi Rac Babayev çıxışında Milli Ordumuzun yaradılması və inkişafı tarixindən danışıb. O, həmçinin bu il – Böyük Vətən müharibəsindəki Qələbənin 70 illik yubileyində Azərbaycan xalqının faşizmə qarşı döyüşmüş cəsur oğullarının və qızlarının adlarını xatırladıb. R.Babayev qeyd edib ki, hazırda Azərbaycan Ordusu ötən əsrin 90-cı illərinin əvvəlində erməni qruplaşmalarına qarşı mübarizə aparan döyüş batalyonlarının bazası əsasında yaradılıb. “Könüllü batalyonlar təpədən dırnağadək silahlanmış düşmənə qarşı hərbi əməliyyatlar aparırdılar. Özü də bu, hər patronun hesabının aparıldığı sovet dövründə baş verirdi. Bizim ordumuzun tarixi könüllü batalyonlarımızdakı əsgərlərimizin və işğalçılar tərəfindən qətlə yetirilən dinc sakinlərimizin qanı ilə yazılıb. Azərbaycanın təkcə Xocalı şəhərində 613 dinc sakin qətlə yetirilib”, – deyə hərbi attaşe vurğulayıb.

 

R.Babayev xüsusi vurğulayıb ki, Azərbaycanda nizami və müasir ordunun yaradılması prosesi 1994-cü ildə ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanıb. Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlıqdan danışan R.Babayev qeyd edib ki, ordumuzun zabitlərinin bir hissəsi Rusiyada hazırlıq keçir.

 

Təntənəli tədbirdə Rusiyada akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri, diaspor üzvləri, KİV nümayəndələri iştirak ediblər.

 

Səfirliyin akt zalında quraşdırılmış monitorda Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında sənədli film nümayiş olunub.

 

AzərTac.az