Azərbaycan Silahlı Qüvvələri Günü Koreya Respublikasında qeyd edilmişdir

Posted by

Azərbaycan Silahlı Qüvvələri Günü Koreya Respublikasında qeyd edilmişdir

Azərbaycan Silahlı Qüvvələri Günü Koreya Respublikasında qeyd edilmişdir

Azərbaycan Silahlı Qüvvələri Günü Koreya Respublikasında qeyd edilmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Koreya Respublikasının paytaxtı Seulda mərasim keçirilmişdir.

Tədbirdə Koreya Respublikasının Müdafiə Nazirliyinin, Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin nümayəndələri, xarici ölkələrin Koreyada akkreditə olunmuş hərbi attaşeləri, eləcə də bu ölkənin müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak etmişlər.

Azərbaycanın Koreya Respublikasındakı hərbi attaşesi Elçin Cəfərov çıxış edərək Silahlı Qüvvələrimizin yaranma tarixindən, inkişaf yolundan, hazırkı döyüş qabiliyyətindən danışmışdır.

Milli Ordunun müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıldığını diqqətə çatdıran hərbi attaşe Silahlı Qüvvələrimizin ötən müddətdə çətin və şərəfli döyüş yolu keçdiyini, təkmilləşdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında ordu quruculuğu prosesi qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində müharibə şəraitində başlamışdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də dönüş baş vermişdir. Həyata keçirilmiş islahatlar nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilmiş, döyüş hazırlığının səviyyəsi yüksəlmişdir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlamış, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılmışdır.

Azərbaycan Ordusunun beynəlxalq sülhyaratma əməliyyatlarda fəal iştirakını vurğulayan E.Cəfərov ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əlaqələrin inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən il Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Koreya Respublikasına səfərini göstərmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Koreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ölkələrimizin bu sahədə əməkdaşlığında yeni mərhələ açmışdır.

Sonra Azərbaycan Silahlı Qüvvələri haqqında videoçarx nümayiş olunmuşdur.

Qonaqlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini əks etdirən fotosərgiyə baxmışlar.

 

AzərTac.az