Azərbaycan prezidenti İlham Əliyev Lənkərana gedib
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq Lənkəran şəhərinə gedib.
APA-nın məlumatına görə, dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb.
Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşüb.
Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.
Prezident İlham Əliyev Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub. 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Burada etnoqrafiya sərgisi də yaradılıb.
Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Apa.az