Azərbaycan prezidenti Bakıda Heydər məscidinin açılışında iştirak edib
Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub.
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkənin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb.
Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.
Sonda ulu öndər Heydər Əliyev və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verilib.
Apa.az