Azərbaycan prezidenti: “2018-ci ilə qədər ölkəmizdə əsas infrastruktur və sosial məsələlər həllini tapacaq”

Posted by

Azərbaycan prezidenti: "2018-ci ilə qədər ölkəmizdə əsas infrastruktur və sosial məsələlər həllini tapacaq"“Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq”

Azərbaycan prezidenti: "2018-ci ilə qədər ölkəmizdə əsas infrastruktur və sosial məsələlər həllini tapacaq"

Birinci proqram 2004-cü ildə qəbul edilib. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaq. APA-nın verdiyi xəbərə görə, bunu noyabrın 15-də Şəmkirdə Azərbaycan prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində deyib.

 

Dövlət başçısı kənd təsərrüfatının, sahibkarlığın inkişafının prioritet istiqamətlər olduğunu qeyd edib. “Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcək”.

 

“Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır”, deyə prezident İlham Əliyev bildirib.

 

Dövlət başçısı sahibkarlığın inkişafının diqqət mərkəzində olduğunu qeyd edib: “Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir”.

 

Azərbaycanda enerji, nəqliyyat təhlükəsizliyinin təmin edildiyini bildirən prezident İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən keçdiyini qeyd edib.

 

Böyük infrastruktur layihələrinin icra edildiyini bildirən dövlət başçısı yeni dəniz ticarət limanına diqqət yetirib: “Onun birinci hissəsi artıq fəaliyyətə başlayıb. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir, ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan ibarətdir”.

 

“Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq. Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması və Şərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilib. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir. Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək”, deyə prezident qeyd edib.

 

Prezident İlham Əliyev Azərbaycanın regional əməkdaşlıq məsələlərində lider rolunu oynadığını qeyd edib: “Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir”.

 

Dövlət başçısının sözlərinə görə, uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə gözəl nəticələrə çatmaq mümkündür: “Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonun sahəsini əhatə edir – Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir”.

 

“Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər. Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olub”.

 

Apa.az