Azərbaycan peyklərdən təsvirlərin qəbulu üçün universal stansiya yaradacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərkosmos” ASC bu region üzərindən uçan peyklərdən Yer səthinin təsvirlərinin qəbulu üçün yerüstü universal stansiyanın tikintisi üzrə elan olunan tenderə yekun vurub. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən bildirilib. Tender qalibinin adı açıqlanmır.
Sintezləşdirilmiş şəbəkəli radar sistemi (SAR – “Synthetic Aperture Radar”) ilə təchiz edilmiş universal yerüstü stansiya optik peyk xidmətləri göstərəcək.
2013-cü ildən Azərbaycanın dövlət orqanlarına və güc strukturlarına peyklərdən alınan optik və radar təsvirlər təqdim edilir.
Azərbaycanın optik peyk orbitinə çıxışı 2017-ci ilə planlaşdırılıb. Bununla yanaşı, “Azərkosmos” ASC-nin perspektiv planlarına 2016-cı ildə aşağıorbitli Yer səthinin zondlama peykinin buraxılışı daxildir.
Azərbaycanın peyk operatoru həm Azərbaycanda, həm də region ölkələrinin bazarlarına kosmik radar və optik təsvirlərin təqdim olunması imkanları üzrə biznes plan hazırlayır.
“Azərkosmos” ASC peyk təsvirlərinin potensial alıcıları ola biləcək strukturlarla müntəzəm danışıqlar aparır. Aparılan danışıqlar məlumatlandırma xarakteri daşıyır və gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaratmağı nəzərdə tutur.
Trend.az