Azərbaycan parlamenti uşaq televiziya kanalının yaradılmasını vacib sayır

Posted by

Azərbaycan parlamenti uşaq televiziya kanalının yaradılmasını vacib sayırAzərbaycan parlamenti uşaq televiziya kanalının yaradılmasını vacib sayır

Azərbaycan parlamenti uşaq televiziya kanalının yaradılmasını vacib sayır

“Azərbaycanda uşaq televiziya kanalının yaradılmasına nail olacağıq”. Trend-in məlumatına görə, bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

 

Vitse-spiker bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada hər bir dövlət, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdəndir: “Gələcəyimiz uşaqların əlindədir. Gələcəkdə onların əldə edəcəyi uğurlar biz böyüklərin göstərdiyi xidmətdən asılıdır. Biz uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul etmişik. Milli Məclis ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir. Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib”.

 

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: “Biz ölkədaxili siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. UNİCEF-lə əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv olan digər dövlətlər üçün də maraqlıdır. Uşaq hüquqlarının və gender bərabərliyinin qorunması ilə bağlı qəbul edilən maddələr çox təqdirəlayiqdir”.

 

Vitse-spiker deyib ki, Azərbaycanda daim uşaqlara xüsusi münasibət göstərilib, həmçinin ailə institutu çox möhkəm olub: “Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi ehtimalını qəbul edə bilmərik”.

 

Trend.az