akir Həsənov: “Biz qısa müddətdə öz torpaqlarımızı azad edəcəyik”
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Təntənəli mərasimdə çıxış edən birlik komandiri, general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib:
“Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu münasibətlə hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik! Bu gün Silahlı Qüvvələrimiz möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır. Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.
Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Möhtərəm cənab prezident xüsusi qeyd edib ki, biz heç zaman Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına razı olmarıq, əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin, yoxsa nəticəsi bundan da ağır olacaq. Bu gün mən sizin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirirəm və tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri indiyədək olduğu kimi, bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram”.
Apa.az