Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyəti yüksək dəyərləndirilmişdir
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Çex Respublikasının ölkəmizdəki səfiri Vitezslav Pivonka ilə görüşmüşdür.
Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ombudsman təsisatı ilə Çex Respublikası arasında insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyətin prioritet məsələləri üzrə fikir mübadiləsi aparılmışdır.
E.Süleymanova səfirə Azərbaycanda Ombudsmanın mandatı, ona verilmiş səlahiyyətlər barədə geniş məlumat vermişdir.
Ombudsman müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən BMT, Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq çərçivəsində müvəkkil təsisatının “Şərq tərəfdaşlığı”, “Tvinninq” və TAİEX layihələrində fəal iştirak etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın monitorinqi və implementasiyası üzrə ölkənin bütün regionlarında ictimai dinləmələrin keçirildiyi vurğulanmışdır. Eyni zamanda, müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə başçəkmələrin həyata keçirildiyi, həmin monitorinqlərin nəticələrinin işgəncələr əleyhinə MPM fəaliyyətinə dair hesabatlarda öz əksini tapdığı qeyd olunmuşdur.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiyasının 35 illik və Pekin Platformasının 20 illik ildönümlərini nəzərə alaraq, E. Süleymanova təsisat tərəfindən hər il Ombudsmanların Bakı Beynəlxalq konfranslarının keçirildiyini, qarşıdakı XII konfransın mövzusunun məhz gender bərabərliyi və qadın hüquqlarına həsr ediləcəyini qonağın diqqətinə çatdırmışdır.
V. Pivonka Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmiş, Ombudsman təsisatı ilə gələcəkdə də əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir.
AzərTac.az