Azərbaycan nümayəndə heyəti Yaponiyanın Yokohama şəhərinin və “JGC” şirkətinin rəhbərliyi ilə “Ağıllı şəhər” layihəsi üzrə əməkdaşlığın perspektivlərini müzakirə etmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir.
İyunun 3-də nümayəndə heyəti Tokio yaxınlığında yerləşən Yokohama şəhərinə səfər edərək meriyanın və “JGC” şirkətinin rəhbərliyi ilə görüşmüşdür. Azərbaycandan gəlmiş qonaqları şəhər meriyasının xarici əlaqələr baş idarəsinin rəhbəri Makoto Sekiyama qarşılamışdır. Müasir texnologiyaların tətbiqi ilə seçilən şəhər haqqında məlumat verən M.Sekiyama, Yokohamanın əhalisinin sayına görə Yaponiyanın ikinci böyük yaşayış məntəqəsi olduğunu bildirmişdir.
Görüşdə Yokohamada həyata keçirilən “Minato Miray 21” (Gələcəyin rayonu 21) şəhər planlaşdırılması layihəsinin təqdimatı keçirilmiş, videoçarx nümayiş olunmuşdur. Layihənin şəhərin infrastruktrunun qurulması və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti vurğulanmışdır.
Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov respublikamızın son illər keçdiyi sürətli inkişaf yolu barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan böyük sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan danışan H.Mövsümov, bu baxımdan Yokohama şəhəri ilə Azərbaycanın rayonları arasında iqtisadi və humanitar sahədə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulamışdır.
Rəhbərləri Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, eyni zamanda, Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Bakının Yasamal və Suraxanı rayonları Yokohama ilə dostluq mübadiləsinin təşkilinə hazırdırlar.
Görüşdə çıxış edən Yasamal və Suraxanı rayonlarının İcra hakimiyyətlərinin başçıları İbrahim Mehdiyev və İlqar Abbasov rəhbərlik etdikləri rayonların tarixi, sosial-iqtisadi göstəriciləri barədə məlumat vermişlər. Dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsi yapon tərəfinə təqdim olunmuşdur.
Sonra Azərbaycan nümayəndə heyəti “Ağıllı şəhər” layihəsinin müəllifi “JGC” şirkəti ilə tanış olmuşdur. Əvvəlcə qonaqlara Yokohamada mərkəzləşmiş qaydada tətbiq edilən havalandırma sisteminin mexanizmi haqqında əyani şəkildə məlumat verilmişdir. Bildirilmişdir ki, bu sistem dünyada yeganədir.
Nümayəndə heyəti ilə Azərbaycan-Yaponiya birgə iqtisadi komitəsinin üzvü “JGC” şirkətinin rəhbərliyinin görüşündə şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, infrastruktur, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi mövzusunda müzakirələr aparılmışdır. Şirkətin vitse-prezidenti Yutaka Yamazaki qeyd edilən sahələrdə əldə edilmiş təcrübənin Azərbaycanda tətbiqinin faydalı olacağını bildirmişdir.
Şirkət tərəfindən dünyanın bir çox yerlərində tətbiq edilmiş layihələrin təqdimatı keçirilmiş, “JGC”nin azərbaycanlı əməkdaşı Emil İlyasov bu barədə məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri H.Mövsümov verilən təkliflərin Azərbaycan tərəfindən araşdırılacağını bildirərək, səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.
Yokohamaya səfər çərçivəsində şəhər limanında olan Azərbaycan nümayəndə heyətinə limanın fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
AzərTac.az