Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasına yola düşür

Posted by

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasına yola düşürAzərbaycan nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasına yola düşür

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasına yola düşür

Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının 24-cü illik yay sessiyasında iştirak etmək üçün iyulun 4-də Finlandiyanın Helsinki şəhərinə yola düşəcək.

 

MM-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildir.

 

Daimi komitənin iclasında ATƏT PA-nın sədri İlkka Kanerva, qurumun baş katibi Spenser Oliver və digər rəsmi şəxslər çıxış edəcəklər. Komitədə qurumun maliyyə hesabatı dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, o cümlədən prosedura uyğun olaraq ATƏT PA-nın yeni baş katibi seçiləcək.

 

Plenar iclasda “Helsinki + 40: Gələcəyin ATƏT-inin yaradılması” adlı qətnamə layihəsinə baxılacaq, Rusiya Federasiyasının ATƏT çərçivəsindəki öhdəlikləri barədə fikir mübadiləsi aparılacaq.

 

Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda Azay Quliyev müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət” qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq. Silahlı münaqişələr nəticəsində itkin düşənlərin, həmçinin acınacaqlı vəziyyətə düşmüş qadın və qızların məsələsi gündəmə gətiriləcək.

 

ATƏT məkanından olan əcnəbi döyüşçülər – terrorçularla bağlı qanunvericiliyin kompleks islahatına diqqət yönəldiləcək. Beynəlxalq aləmdə neonasizm meyllərinin qarşısının alınmasına dair qurumun üzvləri tərəfindən birgə tədbirlərin hazırlanması və icrası barədə məruzələr dinləniləcək, diskussiya aparılacaq.

 

B. Muradova və Azərbaycan nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

 

Səfər iyulun 10-da başa çatacaq.

 

 

Apa.az