Azərbaycan nümayəndə heyəti ABŞ-da seçkiləri izləyir

Posted by

Azərbaycan nümayəndə heyəti ABŞ-da seçkiləri izləyirAzərbaycan nümayəndə heyəti ABŞ-da seçkiləri izləyir

Azərbaycan nümayəndə heyəti ABŞ-da seçkiləri izləyir

Azərbaycanın aparıcı media şirkətlərinin, Mərkəzi Seçki Komissiyasının və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət nümayəndə heyəti Açıq Dünya Proqramı çərçivsində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdə olub.

Trend-in məlumatına görə, səfərin məqsədi noyabrın 4-də ABŞ-ın Nümayəndələr Palatasına keçirilən seçkiləri müşahidə etməkdir.

Azərbaycan nümayəndə heyəti seçkilər ərəfəsində Vaşinqtonda bir sıra görüşlər keçirib. Keçirilən görüşlərdə qonaqlara ABŞ-ın qanunvericilik orqanları, seçkilər prosesi, seçkilərdə səsvermə və səslərin sayılması üçün tətbiq olunan yeni texnologiyalar barədə geniş məlumat verilib.

Açıq Dünya Liderlik Mərkəzinin icraçı direktoru, sabiq səfir Con O’Kif qonaqları Açıq Dünya Proqramı və onun təqdim etdiyi imkanlar barədə məlumatlandırıb.

Görüşdə çıxış edən Amerika Katolik Universitetinin professoru, elmlər doktoru Ceyms Kuerk bildirib ki, ABŞ-ın ştatlarında erkən səsvermə və poçt vasitəsilə səsvermə mümkündür: “Səsvermə prosesi hər bir ştata görə dəyişə bilər. Belə ki, seçkilər günündən əvvəl erkən səsvermə mümkündür. Erkən səsvermənin başlanma tarixi hər bir ştatın qanunvericilik orqanı tərəfindən təyin olunur. Bu, seçkilər günündən 10, 7, 5, 3 gün və ya bir neçə gün əvvəl ola bilər. Bu, ştatlardan asılıdır”.

C.Kuerk qeyd edib ki, ABŞ-da seçkilər zamanı indiyədək heç bir saxtakarlıq aşkar edilmədiyi üçün bəzi ştatlarda şəxsiyyəti təsdiq edən heç bir sənəd olmadan da seçki məntəqəsinə gəlib səs vermək mümkündür: “Bəzi ştatlarda isə əsasən sürücülük vəsiqəsini təqdim etməklə səs vermək olar”.

Beynəlxalq Seçki Sistemləri Fondunun Qafqaz və Orta Asiya üzrə baş proqram meneceri Antoni Bouyer bildirib ki, bu il keçiriləcək seçkilərdə 114-cü Konqresə 435 nəfər, Senata isə 33 nəfər seçiləcək.

A.Bouyer səsvermə texnologiyaları barədə danışaraq, kağız bülletenlərin bəzi ştatlarda kompüter səsverməsi ilə əvəzləndiyini də vurğulayıb: “Bu, daha səmərəli üsul hesab olunur”.

Vaşinqtonda keçirilən görüşlərdən sonra Azərbaycan nümayəndə heyəti seçkiləri müşahidə etmək məqsədilə ABŞ-ın Nebraska Ştatının Omaha şəhərinə yola düşüb.

 

Trend.az