Azərbaycan miqrantlar üçün cəlbedici ölkəyə çevrilib
Azərbaycan sürətli inkişaf nəticəsində miqrantlar üçün cəlbedici ölkəyə çevrilib.
AzərTAc xəbər verir ki, bu fikir 18 dekabr – Beynəlxalq Miqrant Günü ilə əlaqədar keçirilən konfransda səslənib.
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən təşkil edilən konfransın iştirakçıları əvvəlcə əlamətdar günə həsr olunan sərgiyə baxıblar.
Tədbirdə çıxış edən DMX-nin rəis müavini Pərviz Musayev bildirib ki, dünyada miqrasiya prosesləri, miqrantların, xüsusilə əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması ən aktual məsələlərdən biridir. O, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisinin qərarı ilə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2000-ci il dekabrın 18-dən dünyada Beynəlxalq Miqrant Gününün qeyd edilməsinə başlanıb.
Sovet İttifaqının dağılması ilə ölkəmizin ciddi miqrasiya problemi qarşısında qaldığını vurğulayan P.Musayev deyib ki, 250 mindən artıq azərbaycanlı Ermənistandan deportasiya edilib. Mənfur qonşularımızın işğalçılıq siyasəti nəticəsində isə ümumilikdə bir milyondan artıq soydaşımız ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib. O, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə gedən sürətli inkişaf, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan nailiyyətlər nəticəsində respublikamızın əcnəbilər üçün cəlbedici məkana çevrildiyini bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktorpak ölkəmizdə miqrasiya sahəsində görülən işləri yüksək qiymətləndirib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə müvafiq dövlət qurumlarının, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının və s. nümayəndələri iştirak ediblər.
AzərTac.az