Azərbaycan ipotekanın alınması prosedurunu sadələşdirir

Posted by

Azərbaycan ipotekanın alınması prosedurunu sadələşdirirAzərbaycan ipotekanın alınması prosedurunu sadələşdirir

Azərbaycan ipotekanın alınması prosedurunu sadələşdirir

Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması məqsədilə informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması üçün ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

 

Trend-in Fonda istinadən verdiyi məlumata görə, AİF “Elektron İpoteka Sistemi”nin (EİS) tətbiqini uğurla başa catdırıb və sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilib. Sistemin tətbiqi ipoteka bazar iştirakçılarına – müvəkkil kredit təşkilatlarına (MKT), sığorta və qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn) həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

 

Bununla yanaşı, 2 fevral 2015-ci il tarixdən etibarən EİS sisteminin davamı olan “Elektron İpoteka Portalı” real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə onlayn rejimində portalın veb-səhifəsinə (www.e-ipoteka.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir.

 

Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda, ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra yekun olaraq müraciətini təsdiqləməlidir.

 

İpoteka kreditləri üzrə müraciətlərin onlayn rejimində aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına, eləcə də Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.

 

Trend/az